"Qəfil manevr və kəskin tormozlamadan çəkinin" - yol polisi sürücülərə müraciət etdi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. Müraciətdə sürücülərdən ehtiyatlı olmaları, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmələri, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmaları, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etmələri, sürət həddini yol və hava şəraitə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinmələri xahiş edilir.
“Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”, - deyə müraciətdə qeyd olunub.
Mətləb Salahov