“Azərbaycandan Avropaya 2 milyard kubmetrdən çox qaz ixrac olunub” - nazir açıqladı
"Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Avropaya 2,1 milyard kubmetr qaz ixrac olunub." Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, bu il ərzində Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz ixrac olunub.
Bundan başqa, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 0,8 milyard kubmetr qaz nəql edilib.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
Mətləb Salahov