Ermənistanda Qarabağa qayıtmaq istəyən erməniləri təhdid edirlər - Zaxarova İrəvanı ifşa etdi
Biz Qarabağ sakinlərinin geri qayıtmasının qarşısını almaq üçün təsir göstərən çoxlu saxtakarlıqlar aşkar edirik. Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı çıxışında bildirib.
"Biz Azərbaycan Prezidenti Administrasiyasının yüksək vəzifəli nümayəndəsinin Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının təminatı, təhlükəsizliyi, iqtisadi rifahı ilə bağlı son bəyanatlarını alqışlayırıq. Hesab edirəm ki, bu, çox vacib və vaxtında verilən siqnaldır və biz Bakı ilə İrəvanın barışması üçün prinsipial əhəmiyyət kəsb edən bu prosesə, o cümlədən Rusiya sülhməramlı kontingenti vasitəsilə kömək etmək üçün əlimizdən gələni edəcəyik.
Biz Qarabağ sakinlərinin geri qayıtmasının qarşısını almaq üçün təsir göstərən çoxlu saxtakarlıq aşkar edirik. Bəziləri bir növ xəyali təhdidlərlə qorxudulur, digərlərinə evlərindən heç nə qalmadığı barədə yalan məlumat verilir. Bu doğru deyil. Biz bu kimi məlumat kampaniyalarını görürük. Fikrimcə, mənim səsləndirdiyim rəsmi bəyanatlara, xüsusən də indiki halda Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsinə və Rusiya tərəfinin müvafiq bəyanatlarına istinad edilməlidir", deyə Zaxarova əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-nin "Newshour" proqramına müsahibəsində bildirib ki, erməni sakinlərinin Azərbaycan ərazisini tərk etməsi onların könüllü və fərdi qərarıdır.
"Bunun məcburi yerdəyişmə və ya Azərbaycanın onları tərk etmək istəyi ilə heç bir əlaqəsi yoxdur. Onların seçimi var. Biz onları çoxmillətli Azərbaycanın tərkibində qalmağa və bir hissəsi olmağa təşviq etdiyimizi vurğulamaq lazımdır", - Əmirbəyov deyib.
O qeyd edib ki, Azərbaycanı tərk edən ermənilər geri qayıda biləcəklər.