Lavrov üçtərəfli razılaşmalarla bağlı Antalyadan İrəvana mesaj göndərdi - Bu bizi düşünməyə vadar edir...
Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalarda nəzərdə tutulmuş məsələlərin həllində Moskva kömək etməyə hazırdır. İnterfax yazır ki, bu barədə Rusiya XİN başçısı Sergey Lavrov Antalya Diplomatik Forumun yekunlarına dair mətbuat konfransında bildirib.
"Azərbaycanlı həmkarlarımızla müntəzəm dialoqumuz var. Onlar Rusiya, Azərbaycan və Ermənistan arasında ən yüksək səviyyədə qəbul edilmiş üçtərəfli bəyanatlar seriyasına uyğun olaraq - bölgədəki bütün kommunikasiyaların açılmasına, həmçinin Rusiya Federasiyasının konsultativ köməyi ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına və sülh müqaviləsinin hazırlanmasına dair bütün məsələləri həll etməyə hazır olduqlarını təsdiqləyirlər. Moskva bu məsələlərin həllində kömək etməyə hazırdır", - Lavrov deyib.
O qeyd edib ki, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri bu yaxınlarda Azərbaycanın paytaxtına səfər edib. «Ermənistan paytaxtına səfərə gəldikdə, erməni həmkarları onu təsdiqləməyiblər», - nazir əlavə edib.
Lavrovun fikrincə, Ermənistan-Azərbaycan məsələsinin həllində irəliləyiş Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli razılaşmalarının nə qədər dürüst yerinə yetiriləcəyindən asılı olacaq.
«Ermənistan rəhbərliyinin gündəlik olaraq səsləndirdiyi bəyanatlar reallıqda nə baş verdiyini və praktik addımlarımızda bunu necə nəzərə alacağımızı düşünməyə vadar edir», - Lavrov qeyd edib
TAHİR