İranın İrəvandakı səfirinin səhvini Bakıdakı səfir Musəvi düzəltdi...
İranın prinsipial mövqeyi daima Qarabağın Azərbaycanın olmasından yana olub. Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sosial şəbəkə hesabında bildirib.
"Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb. Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyi təmini yalnız Azərbaycanın suverenliyi və qanunları ilə məna tapır", - səfir qeyd edib.
Xatırladaq ki, Azərbaycan XİN 10 noyabr 2023-cü il tarixində İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin Ermənistanın “CivilNet” platformasına verdiyi müsahibə zamanı səsləndirdiyi təxribat zarakterli əsassız fikirləri qətiyyətlə pisləyib.
Bildirilib ki, Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən bu fikirlər eyni zamanda, iki ölkənin prezidenti arasında 9 noyabr 2023-cü il tarixində Daşkənddə baş tutmuş görüş zamanı İran Prezidenti tərəfindən səsləndirilən fikirlərlə ziddiyyət təşkil edir. Belə ki, sözügedən görüş zamanı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü təmin etdiyini, Qarabağın yenidən Azərbaycana qovuşduğunu sevinclə qeyd edib.
TAHİR