Azərbaycanda işsizlər 2 min manatlıq işdən imtina edir?..
Kamran Məmmədli: “Bəzi qurumlar vakansiya elanlarında bilərəkdən yüksək əmək haqqı təklif edir, çünki…”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi Azərbaycanda boş iş yerlərinin siyahısını açıqlayıb. Təqdim edilən vakansiyalar üzrə əmək haqqı 500 manatdan 2000 manatadək dəyişir. Ancaq maraqlı məqam ondan ibarətdir ki, iş üçün müraciət edənlər azdır.
Nəzərə almaq lazımdır ki, ölkədə işsizlikdən şikayət edənlərin sayı az deyil. Belə olduğu halda təklif olunan yüksək əmək haqqı ilə işə inananlar azdır, yoxsa başqa səbəblər var?
“Elanı görüb iş üçün müraciət edən şəxs fərqli əmək haqqı ilə qarşılaşır, bu səbəbdən də bu tip iş elanlarına elə də maraq yoxdur”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında eyd etdi ki, Azərbaycanda yüksək əmək haqqı təklif olunan sahələr var: “Ən yüksək maaş təklif edilən sahələr maliyyə, hüquq və ən yüksək gəlirli peşələr “IT Security Director”, “IT Developer” informasiya texnologiyaları üzrə tərtibatçı, proqramist, insan resursları üzrə mütəxəssis və arxitektordur. Bununla yanaşı, Azərbaycanda yüksək əməkhaqqı təklif edən sahələrdən biri də neft-qaz sahəsidir. Qeyd etdiyim sahələrdə əmək haqqı yüksəkdir. Bu danılmaz faktdır. Ancaq bəzi qurumlar vakansiya elanlarında bilərəkdən yüksək əmək haqqı təklif edir, lakin həmin elanı görüb iş üçün müraciət edən şəxs fərqli əmək haqqı ilə qarşılaşır. Bu səbəbdən də bu tip iş elanlarına elə də maraq yoxdur. Onu da deyim ki, dövlət qurumlarının təklif etdikləri işdə çalışmaq elə də asan deyil. Orada işə girmək üçün mütləq ali təhsilin olmalıdır, sertifikasiyadan keçilməlidir. Ondan sonra vəzifə seçib müsahibəyə daxil olunmalıdır. Həmin müsahibədə özləri istədikləri sualları verirlər. Sualların çoxunun ixtisasa aidiyyəti olmur. İnsanları yüksək əmək haqqına gedib çatması üçün keşməkeşli yollardan keçirirlər. Ona görə də hər adam bu kimi sahələrdə işləyə bilmir”.
İqtisadçı sonda qeyd etdi ki, ölkədə muzdla çalışanların 52%-i dövlət sektorunda, 48%-i özəl sektorda çalışır ki, bu da yaxşı hal deyil. Eyni zamanda, muzdla çalışanların sayı ilə iqtisadi fəal əhalinin sayı arasında kəskin fərq mövcuddur: “Təsəvvür edin ki, 5,3 milyon insan iqtisadi fəal şəxs hesab olunur. Bunun cəmi 1 milyon 734 min nəfəri muzdla çalışır. Yəni muzdlu işçilər ümumi iqtisadi fəal əhalinin cəmi 30%-ni təşkil edir”.
Günel CƏLİLOVA