Dərsə öz maşını ilə gələn şagirdlərin valideynləri nə düşünür...
Elxan Əliyev: “Valideyn bilməlidir ki, sükan arxasında oturan məktəbli nəinki özünə, başqasına da zərər yetirə bilər”
Ölkəmizdə qanunlar 18 yaşından aşağı şəxslərə avtomobil idarə etməyə icazə vermir. Buna baxmayaraq, bu gün yollarda məktəbyaşlı uşaqların maşın sürdüyünü görmək olur. Maraqlı məqam ondan ibarətdir ki, həmin uşaqlar dərsə, məktəbə özlərinin idarə etdiyi avtomobillə gəlir. Bu isə bir çox halda problemlərə səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla bağlı məlumat yayıb. Məlumatda qeyd edilir ki, sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir: “Zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir. Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həmdə məktəblilərlə tez-tez maarifləndirici tədbirlər keçirilsə də, yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlərə rast gəlinir. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar”.
Ekspertlər də hesab edir ki, valideynlər bu məsələdə məsuliyyətli olmalıdır. Məktəbyaşlı uşaqlar təkbaşına nəqliyyat vasitəsi idarə etməməlidir.
“Təəssüf ki, köhnə düşüncədə qalan insanlar çoxdur, uşaqlara yaxşı təhsil vermək yerinə, sükan arxasında əyləşdirirlər, halbuki, azyaşlıya maşın etibar etmək olmaz”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sürücülük hüququ olmayan şəxslərə nəqliyyat vasitələrini bilərəkdən etibar etməyə görə avtomobil sahibi müəyyən məbləğdə cərimə olunur: “Sükan arxasında əyləşən şəxs 16 yaşdan yuxarıdırsa, ona 100 manat cərimə tətbiq oluna bilər. Əlbəttə, sükan arxasına keçən azyaşlıları məsuliyyətə cəlb etmək olmur. Yalnız onların valideynləri barəsində inzibati tətbir görülür. Uşaqlara çox şey öyrətmək olar. Amma bunu onları təhlükə qarşısında qoyaraq etməməliyik. Yanaşma doğru deyil. Cəmiyyətimiz olduqca köhnə düşüncəlidir. Təəssüf ki, köhnə düşüncədə qalan insanlar çoxdur, uşaqlara yaxşı təhsil vermək yerinə, sükan arxasında əyləşdirirlər. Halbuki, azyaşlıya maşın etibar etmək olmaz. Valideyn bilməlidir ki, sükan arxasında oturan məktəbli nəinki özünə, başqasına da zərər yetirə bilər. Mən bunu valideynlərin məsuliyyətsizliyi kimi qəbul edirəm".
Günel CƏLİLOVA