Makron NATO-nu Rusiya ilə müharibəyə sürükləyir – Üçüncü Dünya müharibəsi təhlükəsi…
Bu ilə müharibənin ikinci ilini başa vuran Rusiya-Ukrayna müharibəsi ilə bağlı NATO cəbhəsində birbaşa dünya müharibəsi mənasına gələ biləcək ehtimal ətrafında müzakirələr başlayıb. Fransanın paytaxtı Parisdə bir araya gələn 20-dən çox Avropa lideri Ukraynaya NATO əsgərlərini göndərəcəklərini bildirib.
Müharibənin gələcəyinin müzakirə olunduğu toplantıda çıxış edən Fransa lideri Makron Ukraynaya qoşun göndərilməsini istisna etməyib. Gələcəkdə Qərb qoşunlarının Ukraynaya göndərilməsinin müzakirə mövzusu olduğunu bildirən Makron, Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcəklərini deyib.
"Bu gün təsdiq edilmiş qaydada qoşunların rəsmən sahəyə göndərilməsi ilə bağlı konsensus yoxdur” deyən Makron Ukraynaya qoşun göndərilməsini istisna etməyib və hansı ölkələrin qoşun göndərə biləcəyilə bağlı detalları açıqlamayıb.
Ən qızğın müzakirənin Ukraynaya əsgər göndərilib-göndərilməməsi ilə bağlı olduğunu bildirən Polşa prezidenti Anjey Duda, bununla bağlı razılığa gəlməyin mümkün olmadığını deyib: “Burada fikirlər müxtəlifdir, amma belə bir qərar yoxdur". O Makronun təklifini dəstəklədiyini deyib.
Almaniya kansleri Olaf Şolz isə Makronun Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almaq üçün Ukraynaya qoşun yeridilə biləcəyi təklifinə qarşı çıxıb və Avropa və NATO ölkələri tərəfindən Ukraynaya heç bir hərbi qüvvənin göndərilməyəcəyini bildirib.
Əvvəldən razılaşdırılan məsələlərin gələcək üçün də keçərli olacağının müzakirə edildiyini bildirən Şolz deyib ki, Ukrayna ərazisində nə Avropa dövlətləri, nə də NATO dövlətləri tərəfindən göndərilən quru qoşunları, əsgərlər olmayacaq.
NATO-nun baş katibi Yens Stoltenberq NATO Ukraynaya qoşun yerləşdirmək planının olmadığını deyib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Edrien Uotson bəyan edib ki, ABŞ da Ukraynaya qoşun göndərməyəcək. «ABŞ prezidenti Co Bayden açıq şəkildə bildirib ki, ABŞ Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün qoşun göndərməyəcək», - Uotson bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti hesab edir ki, Konqres Kiyevə 60 milyard dollar ayırmağı nəzərdə tutan əlavə maliyyələşməni təsdiqlədikdən sonra Ukraynanın zəruri bütün silahları olacaq.
Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Qərb ölkələri Ukraynaya qoşun yeridərsə, NATO ilə Rusiya arasında münaqişə ehtimalı “qaçılmaz” olacaq: "Belə olan halda, biz artıq imkandan deyil, qaçılmazlıqdan danışmalıyıq. Biz belə qiymətləndiririk"
Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov da "RİA Novosti"yə bildirib ki, Qərb ölkələrinin Ukraynaya mümkün hərbi qüvvələrini göndərməsi NATO ilə Rusiya arasında birbaşa toqquşma riskini artıracaq.
Fransanın millətçi "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo isə fransızları ölkə Makronun döyüşkən ritorikasına etiraz etmək üçün çıxmağa çağırıb.
"Dünyanın bütün qüvvələri Makronun döyüşkən dəliliyinin qarşısını almaq üçün birləşməlidir... Sülh naminə aksiya 2 mart, şənbə günü saat 15-də... Parisdə: gəlin iştirak edək!", – siyasətçi X sosial şəbəkədəki səhifəsində yazıb.
TAHİR