Ağ ölümü birlikdə öldürək...
Artıq narkomaniya elə bir bəşəri bəladır ki, onunla bütün cəmiyyət vaxtında mübarizə aparmalıdır. Ona aludəçiliyinin insan səhhətinə, sağlamlığına vurduğu zərbələri sağaltmaq çox çətindir. Məktəblilərin narkomaniyaya meylliliyi gələcəyimiz üçün daha böyük təhlükələr yaradır. Dövlətimiz tərəfindən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində daima işlər görülsə də, 13-14 yaşlı yeniyetmələr də indiki zamanda narkotik maddənin “tamını” dadırlar. Göz görə-görə ən qorxulu pislik bizimlə birlikdə gələcəyə addımlayır. Odur ki, gələcəyi düşünməklə bu bəlaya qarşı çıxmağı hamı özünə mənəvi borc bilməlidir.
Məlumdur ki, yeniyetmələr ən çox nəzarətsiz mühitin təsirinə düşməsi səbəbindən bu zərərli yola gedirlər. Məhz buna görə bəşəri bəlaya qarşı mübarizə yeni istiqamətlərin, metodların tətbiqini zəruri edir. Ən əsası isə vaxtaşırı təhsil ocaqlarında olmaq narkomaniyanın cəmiyyətdə yaratdığı sosial bəlalar, eləcə insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ hallardan çəkindirmək, təhsilə, elmə, idmana olan marağını artırmaq olduqca vacibdir. Elə Lənkəran Şəhər/Rayon Polis Şöbəsinin təşkilatçılığı sayəsində “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda şəhər 8 saylı tam orta məktəbində baş tutan maarifləndirici görüş bu səbəbdən irəli gəlirdi.
Öz çıxışında narkomanlığın, eyni zamanda digər zərərli vərdişlərin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biri olduğunu deyən Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki A.Cahangirov onu da bildirdi ki, bu bəladan qurtulmaq üçün təkcə dövlətin yox, hər kəsin üzərinə mənəvi məsuliyyət düşür və sağlam gəncliyin, etibarlı gələcəyin qurulması baxımından belə tədbirlərin davamlı şəkildə təşkili zəruridir.
Tədbirdə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının gördüyü qətiyyətli işlər haqqında görüş iştirakçılarına danışıldı, müzakirə olunan mövzular ətrafında digər çıxışlar dinlənildi, polis polkovniki A.Cahangirov şagirdlərin suallarına ətraflı cavab verdi.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü