Mişel iki zənglə Əliyev-Paşinyan görüşünü, Makron isə Paşinyanı müharibəyə hazırlayır...
Elşad Musayev: “Avropa İttifaqı danışıqlarda təşəbbüsü ələ almağa çalışır”
Məlum olduğu kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bununla bağlı Mişel bildirib ki, tərəflər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər: “Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur”.
Mişelin Azərbaycanda prezident seçkisindən dərhal sonra İlham Əliyevə zəng etməsi, daha sonra Ermənistanın baş naziri Paşinyanla telefonla danışması Brüsselin liderlərin növbəti görüşünü təşkil etməsinə hazırlıq hesab etmək olarmı? O cümlədən, Fransanın Ermənistanı artıq rəsmən silahlandırması fonunda belə bir görüşün baş tutması mümkündürmü?
“Fransanın Ermənistanı silahlandırmasını sürətləndirməsi Brüssel formatına zərbədir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev buna bir neçə aspektdən yanaşdı: “Məlum olduğu kimi, bir müddət əvvəl Ermənistanla Azərbaycan arasındakı münaqişəni həll etmək üçün 3 platforma var idi. O platformalardan biri Avropa platforması hesab olunurdu. Burada daha çox moderatorluq edən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel idi. Avroittifaq iki ölkə arasında münasibətlərin tənzimlənməsində daha maraqlı görünürdü. Ancaq müəyyən müddət keçəndən sonra bəlli oldu ki, Avropa platforması Fransanın təsiri altındadır və onlar hadisələrə ədalətli yanaşmırlar. Ona görə də Azərbaycan bu platformada iştirakdan imtina etdi və Qranada görüşünə qatılmadı. Hesab edirəm ki, bu doğru addım idi. Ondan sonrakı mərhələdə münasibətlər xeyli gərginləşdi. Ancaq sonrakı mərhələlərdə Mişelin tərəflərlə təmaslar qurması və yenidən fəallaşması müşahidə edilir. Fikrimcə, buna təbii yanaşmaq lazımdır. Çünki güc mərkəzlərinin hər biri istəyir ki, təşəbbüsü ələ alsın. Bu baxımdan Avropa İttifaqı da danışıqlarda təşəbbüsü ələ almağa çalışır. Məqsədləri odur ki, Azərbaycan-Ermənistan münasibətləri Brüssel formatında öz həllini tapsın. Sonrakı müddətdə də onların təsiri hiss olunsun. Çünki tərəflər arasında sülh sazişi imzalanarsa, bu, Brüsselin aktivinə yazılacaq. Bu baxımdan Mişelin dövlət başçılarına zəng etməsi, təşəbbüslə çıxış etməsi məlum istəklərlə əlaqədardır. İndi əsas məsələ odur ki, Azərbaycan buna necə reaksiya verəcək. Əgər Azərbaycanın mənafeyinə zidd hansısa tələblər, mövqelər olmayacaqsa, Bakı hər hansı bir görüşdən qaçmır. O üzdən, gələcəkdə hər hansı görüş olsa, buna təəccüblənmək lazım deyil. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan bütün bu platformaları yoxladıqdan sonra təklif irəli sürür. İsrarla bəyan edir ki, heç bir vasitəçi olmadan Ermənistan və Azərbaycan arasında olan məsələləri biz özümüz həll edə bilərik. Ermənistanı buna məcbur etmək lazımdır. Bütün bunların fonunda, Fransanın Ermənistanı silahlandırmasını sürətləndirməsi Brüssel formatına zərbədir. Sülhlə bağlı ümumi işə zərər vurur”.
Vidadi ORDAHALLI