Ermənistan bölgəmizə yad ünsürləri gətirir, İran susur...
Məhəmməd Əsədullazadə: “Tehran rejimi hesab edir ki, baş verənlər yalnız Azərbaycan və Rusiya əleyhinədir”
Məlum olduğu kimi, Ermənistanın bölgəyə qeyri-region dövlətlərini gətirməsi sürətlənib. Əvvəl Avropa İttifaqı müşahidə missiyası ölkəyə gətirildi. İndi həm də Fransa birbaşa olaraq regiona gəlir.
Eyni zamanda, Fransa istehsalı olan zirehli maşınların Ermənistana göndərilməsinə rəsmən start verildi.
Həmçinin Ermənistanın Yunanıstan və Yunan Kipri ilə hərbi əməkdaşlığı genişlənir. Bu gedişlə həmin ölkələr də Ermənistanın silahlanmasında yer alacaqlar. Prinsipcə, sözügedən dövlətlərin Ermənistanda artan hərbi fəaliyyəti İranın da xeyrinə deyil. Çünki əslində həmin ölkələrin Ermənistana gəlişi NATO-nun gəlişi deməkdir. Ancaq qəribədir ki, İran buna qarşı hələ heç bir mövqe ortaya qoymur. Ermənistanın bölgəyə qeyri-region ölkələrini hərbi cəhətdən gətirməsinə İran hələ açıq etiraz xarakterli rəsmi münasibət bildirməyib.
Maraqlıdır, İranın bu susqunluğunun səbəbi nədir?
“Vaxt gələcək, İran bütün bunların altında qalacaq və sonra gec olacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə İranın susqun mövqedən çıxış etməsini bir sıra faktorlarla əlaqələndirdi: “Bəli, reallıq ondan ibarətdir ki, Ermənistan Cənubi Qafqazda militarist siyasət yürüdür və regiona xarici gücləri gətirir. Xüsusilə, Fransa başda olmaqla, biz Ermənistanda hərbi fəaliyyətini genişləndirən bir neçə ölkənin şahidi oluruq. Göründüyü kimi, Ermənistan sülh müqaviləsinin bağlanmasında maraqlı deyil və hər fürsətdə bunu göstərməyə çalışır. Qeyd edim ki, İran daima xarici güclərin regiona gəlməsinə sərt reaksiya verib. İran qədər regionda belə məsələlərə həssas yanaşan ikinci dövlət təsəvvür etmək çətindir. Ancaq nədənsə, mövzu Ermənistan olunca, biz bunu Tehranın timsalında görmürük. Halbuki, regionda Qərbin güclənməsi, hərbi fəaliyyəti İranın təhlükəsizlik maraqlarına cavab vermir. Görünür, Tehran rejimi hesab edir ki, baş verənlər yalnız Azərbaycan və Rusiya əleyhinədir. Düşünürəm ki, bu, Azərbaycanla sülhə mane olsa da, bütövlükdə baş verənlər fonunda Qərb bunu İran və Rusiyaya qarşı istifadə edəcək. Ancaq hesab edirəm ki, İranın hazırkı susqunluğu öz əleyhinə çevriləcək. Hələ ki, Tehranın İrəvandakı səfiri eyforiyada olaraq erməni ağzı ilə Azərbaycan əleyhinə danışır. Görünür, Tehranın Ermənistandakı səfiri erməni konyakının təsirindən ayılmayıb. Qeyd edim ki, Tehranın Ermənistanda səfirliyi və diplomatik korpus nümayəndələri reallıqları görmək istəmir. Düşünürəm ki, regionda baş verəcək bütün hərbi eskalasiyada Ermənistan məsuliyyət daşıyacaq. Vaxt gələcək, İran bütün bunların altında qalacaq və sonra gec olacaq”.
Vidadi ORDAHALLI