Britaniyanın 17 milyon dollarlıq nüvə raketinin sınağı uğursuz oldu – İngilislər az qala öz nazirini vuracaqdı…
Böyük Britaniyanın “HMS Vanguard” nüvə sualtı qayığından “Trident” raketinin sınaq buraxılışı uğursuz olub və raket içərisində müdafiə naziri Qrant Şappsın da olduğu sualtı qayığın yanına düşüb.
“Sky News”un Müdafiə Nazirliyinin sözçüsünə istinadən verdiyi məlumata görə, yanvarın 30-da ABŞ-ın Florida ştatının sahillərində sınaq atışları zamanı “anomaliya” baş verib. Sözçü, bunun milli təhlükəsizlik məsələsi olduğu üçün daha çox detal paylaşa bilməyəcəklərini deyib.
Qeyd edilir ki, raket Braziliya ilə Qərbi Afrika arasında Atlantik okeanına düşmədən əvvəl bir neçə min mil uçmalı idi. Bunun əvəzinə o, buraxıldığı yerə yaxın okeana düşüb.
“The Sun” qəzetinə danışan başqa rəsmilərdən biri deyib ki, raket atıldıqdan dərhal sonra sualtı qayığın yanına düşüb və hadisə baş verən zaman müdafiə naziri Şapps da sualtı qayıqda olub. Qəzet yazır ki, sınaq atışında problemin səbəbi gizli saxlanılır.
Britaniyalı nazirlər məsələni “narahatedici” kimi qiymətləndiriblər. Müdafiə Nazirliyi indiyədək 190 “Trident” raketinin sınaqlarının uğurla keçdiyini xatırladıb. Nazirlik təsdiqləyib ki, sonuncu uğurlu silahsız “Trident” raketinin sınağı 2012-ci ildə keçirilib. 2016-cı ildə sualtı qayıqdan “Trident” raketi atmaq cəhdi də uğursuzluğa düçar olub və raket təyin olunmuş ərazidən kənarda bir nöqtəyə düşüb.
Britaniyanın “Trident” raketlərinin sınaqları, əsasən, xərclərə görə nadirdir. Hər raketin qiyməti təxminən 17 milyon dollardır.
Tahir TAĞIYEV