"Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb" - Vəkil
Tanınmış fitnes məşqçisi Kamil Zeynallı Ermənistan tərəfindən 4 maddə ilə axtarışa verilib. Bu barədə AZƏRTAC-a müsahibəsində vəkil Ələkbər Qarayev söyləyib.
Onun sözlərinə görə, K.Zeynallı Rusiyada Ermənistanın sorğusu əsasında saxlanılıb.
“Ermənistan 2020-ci il sentyabrın 29-da Kamil Zeynallını 4 maddə ilə axtarışa verib. Ötən gecə o, Rusiyada şübhəli şəxs kimi saxlanılıb. Prokurorluqda hazırda iş aparılır. Əgər əlavə materiallar göndərilərsə, Kamil Zeynallıya qarşı həbs qətimkan tədbiri tətbiq oluna bilər”, - deyə o bildirib.
Vəkil əlavə edib ki, Kamil Zeynallının hüquqlarının müdafiəsi Azərbaycanın Rusiyadakı səfirliyinin və şəxsən səfir Polad Bülbüloğlunun nəzarəti altında həyata keçirilir.
Qeyd edək ki, Kamil Zeynallı Moskvada saxlanılması barədə “Instagram” hesabında məlumat verib. K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirib. O qeyd edib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini söyləyib.