Ərəb mətbuatından ŞOK İDDİA - Türkiyə Misirin məşhur İsgəndəriyyə limanını alır...
Ərəb mətbuatı Misirin Türkiyə ilə münasibətlərini normallaşdırması ilə bağlı sensasion xəbər yayıb. Iddialara görə, Türkiyə Birləşmiş Ərəb Əmirliklərinin etdiyi kimi Qahirədən torpaq alacaq.
Qeyd edək ki, ötən həftə Prezident Ərdoğan 11 ildən sonra Misirə səfər edib. Ərdoğan burada Misir lideri Sisi ilə görüşüb və iki prezident arasında bir çox əməkdaşlıq müqaviləsi imzalanıb. Misir mediası iki ölkənin İsrail və HƏMAS arasındakı müharibəni və bu müharibədən sonra ortaya çıxan humanitar böhranı müzakirə etdiyini bildirib.
Ərəb mətbuat yazır ki, bir müddətdir maliyyə böhranı yaşayan Misir son aylarda Rəs Əl-Hikmə bölgəsini Birləşmiş Ərəb Əmirliklərinə satıb. Paytaxt Qahirədən 350 kilometr aralıda olan bu bölgə 22 milyard dollara əl dəyişdirib. Ərəb mediası qeyd edib ki, Qahirə indi də Türkiyəyə oxşar təklif verməyə hazırlaşır.
“Alquds” qəzeti Ərdoğan-Sisi görüşündən sonra Makedoniyalı İskəndər tərəfindən qurulan və adını daşıyan İsgəndəriyyə şəhərindəki limanın Türkiyəyə satılma ehtimalının artdığını yazıb. İsgəndəriyyənin Osmanlı İmperiyasına görə, Türkiyə ilə köklü bir əlaqəsi olduğunu xatırladan ərəb mətbuatı Ankaranın Afrika ölkələri ilə körpü qurmaq üçün İsgəndəriyyə limanında marağı olduğunu iddia edib. Qəzet həmçinin İsgəndəriyyənin Türkiyənin Afrikaya açılan qapısı olmaqla yanaşı, Misirlə də əlaqələri yaxşılaşdıracağını iddia edib. Aralıq dənizi regionunun mühüm ticarət və gəmiçilik mərkəzi olan İsgəndəriyyə limanı, logistika xidmətləri və təchizat zəncirinin idarə edilməsi baxımından böyük potensiala malik strateji mövqeyə malikdir.
Tahir TAĞIYEV