Universitetlərimizin büdcəsi ilbəil kəsilir...
İlqar Orucov: “… səbəbi onların publik hüquqi şəxsə çevrilməsi ilə bağlıdır”
Azərbaycanın ali təhsil müəssisələrinin yetərincə inkişaf edə bilməməsi, dünya arenasına çıxan universitetlərlə eyni sıralarda olmaması daimi müzakirə mövzusu, problem olaraq qalır. Ali təhsil müəssisələrinin lazımi səviyyədə inkişaf edə bilməməsinin səbəbi universitetlərə ayrılan büdcənin ildən-ilə azalması ilə əlaqələndirilir.
Araşdırmalar zamanı məlum olub ki, 1980-ci illərdən bu yana universitetlərə ayrılan büdcənin həcmi 21% azalıb. Hər il universitetlərin büdcəsindən 1% pul vəsiati azalıb.
Maraqlıdır, universitetlərin maliyyələşdirilməsi niyə azalır?
“Universitetlər dövlət büdcəsindən kənar vəsait əldə etmək imkanında olmalıdır, ancaq bizim ali təhsil ocaqlarının əlavə gəlir qazanması problemdir”
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, universitetlərə ayrılan maliyyənin azalmasının səbəbi onların publik hüquqi şəxsə çevrilməsi ilə bağlıdır: “Məlumdur ki, xeyli sayda universitet publik hüquqi şəxsə çevrilib. Publik hüquqi şəxs çevrilmək əlavə gəlir əldə etmək deməkdir. Əslində ali təhsil müəssisələrinə maliyyə sərbəstliyi verilməlidir. Universitetlər dövlət büdcəsindən kənar vəsait əldə etmək imkanında olmalıdır. Ancaq bizim ali təhsil ocaqlarının əlavə gəlir qazanması problemdir. Çünki Azərbaycan universitetləri üçün əlavə gəlir yalnız ödənişli təhsil deməkdir. Universitetlər tələbənin təhsil haqqı hesabına yaşamamalıdır. Ali təhsil müəssisələri publik hüquqi şəxsə çevrildikdən sonra onların qazanc əldə etməsi üçün kifayət qədər geniş imkanlar yaradılıb. Universitetlər mütləq şəkildə o imkanlardan yararlanmalıdır”.
Ekspert hesab edir ki, ali təhsil müəssisəsi yüksək bilik verməklə ölkəni idarə edəcək peşəkar və rəqabətədavamlı kadr hazırlığında daha çox maraqlı olmalıdır: “Ali təhsil müəssisəsi yüksək elmi laboratoriyalar şəbəkələri yaratmaqla dünya elminə töhfələr verə bilməlidir. Universitet gələcək elmi kadrlar hazırlamalı, görkəmli alimlər ordusu yetişdirməkdə maraqlı olmalıdır. Universitet binalarını hər il təmir etməklə, binalara xüsusi görkəm verməklə onu dünya miqyaslı universitet etmirlər. Heç bunu etmək mümkün də deyil. Ona görə də universitet idarəetməsində ciddi islahatlar və dəyişikliklər etmək lazımdır”.
Günel CƏLİLOVA