Trampın NATO açıqlaması Avropada şok effekti yaratdı - “Avropanın sonu beləmi olacaqdı?”
ABŞ-ın keçmiş prezidenti Donald Tramp xəbərdarlıq edib ki, yenidən seçilərsə, Rusiyanı NATO-ya üzvlük haqqını ödəməyən ölkələrə hücum etməyə təşviq edə bilər. Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq yarışında açıq-aşkar lider kimi görünən Tramp sözügedən açıqlamanı Cənubi Karolinadakı seçki kampaniyası mitinqində verib.
Prezidentliyi dövründə bir NATO ölkəsinin liderinin "Biz üzvlük haqqını ödəyə bilməsək və Rusiya bizə hücum etsə, nə edəcəksiniz?" sualına, “Sizi qorumağa gəlmərik. Mən hətta Rusiyanı istədiyini etməyə təşviq edərdim” cavabını verdiyini deyib.
Tramp hansı ölkədən söhbət getdiyini açıqlamayıb. Tramp prezident olduğu müddətdə NATO-ya üzv ölkələri ümumi daxili məhsullarının 2 faizini müdafiəyə xərcləmək vədlərini yerinə yetirməyə çağırıb. Tramp həmçinin tez-tez prezidentliyi dövründə ABŞ-ı NATO-dan çıxaracağını deyir.
Trampın sözləri Ağ Ev tərəfindən “dəhşətli və çılğınlıq” kimi şərh edilib. ABŞ prezidenti Bayden Trampın Putinə müharibə və zorakılığı davam etdirmək üçün "yaşıl işıq yandırdığını" iddia edib və bəyanatı "ağrılayıcı və təhlükəli" kimi şərh edib.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd yarışında Trampın yeganə rəqibi Nikki Haley də bu sözləri tənqid edərək, “Bizim heç vaxt etmək istəmədiyimiz şey Rusiya ilə yan-yana görünməkdir” deyib. Haley Putin üçün “rəqiblərini öldürən zorba” ifadəsini də işlədib.
NATO-nun baş katibi Yens Stoltenberq də Trampın ölkəsinin kifayət qədər pul xərcləməyən müttəfiqləri dəstəkləməyəcəyi barədə açıqlamasının “təhlükəsizliyə zərər vurduğunu” bildirib.
Tramp prezidentliyi dövründə də NATO-nu tənqid edərək, 30 ölkəni müdafiə etməyin ABŞ üzərində ədalətsiz maliyyə yükü yaratdığını iddia etmişdi. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra da Tramp NATO üzvü olmayan Ukraynaya edilən yardımları tənqid edib. ABŞ 2022-ci ildən bəri 44 milyard dollar yardım edib.
Bu arada “Times” qəzeti Avropanın siyasi liderləri və diplomatlarının bu məsələ ilə bağlı gizli görüş keçirdiyi barədə məlumat yayıb. Görüşün kifayət qədər tutqun keçdiyini bildirən qəzet yüksək rütbəli bir məmurun “Avropanın sonu beləmi olacaqdı?” sualını verdiyini qeyd edib.
Noyabrda ABŞ-da keçiriləcək seçkilərdə Trampın qalib gələcəyinin gözlənildiyini xatırladan “Times” bu vəziyyətin narahatlıq doğurduğunu yazıb. Avropanın burada ümidi isə Polşa lideri Duda və İtaliyanın baş naziri Melonidir. Bu iki siyasətçinin Trampla ortaq məxrəcə gələ biləcəyini qeyd edən “Times”, Avropanın qurtuluşunun bundan asılı olduğunu qeyd edib.
Tahir TAĞIYEV