“Ələddinin sehrli çırağı” səhnədə “yanır”
Azərbaycan Dövlət Kukla Teatrının növbəti premyerası da qədim Şərq ədəbiyyatı sehrindən təsirlənmə ilə ərsəyə gəlib.
Belə ki, kuklaçılar “Min bir gecə” nağıllar toplusunda hər zaman böyük maraqla oxunan düşündürücü və əyləncəli “Ələddinin sehrli çırağı”na müraciət ediblər. Bu barədə baki-xeber.com-a teatrdan məlumat verilib. Eyniadlı tamaşanın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı, Əməkdar artist Vüqar Camalzadədir.
Birhissəli uşaq tamaşasında rolları teatrın aparıcı səhnə ustaları - Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Rəhim Rəhimov, Elgün Həmidov, Selcan Müseyibova, Ramiz Qəmbərov, Yasin Abbasov, Vüqar İsmayılov, Elnur Xəlilov ifa edirlər.
Şərq ədəbiyyatı və mədəniyyətinin ecazkarlığını tərtibatdan musiqiyə bütün çalarları ilə ehtiva edən məlum rəvayət kuklaçıların təsvir dilində özünün orijinal ifadə üslubunu tapıb.
Biz nağıldan irəli gələrək hekayət və qəhrəmanları kukla ilə canlı plan sintezində, özü də çoxkeçidli oyun təqdimatında görürük.
Nağılda da olduğu kimi, əhvalatın qəhrəmanı Ələddin adlı kasıb oğlandır. Uşaq vaxtı daha tənbəl olan, işi-gücü ən yaxın dostu saydığı meymunu ilə gəzib-dolaşmaq olan Ələddin məşhur kəndirbaz kimi tanınır. Elə bütün məsələ də bundan sonra başlayır.
Yolu Bağdad şəhərinə düşür, onun oyununu izləməyə gələn Şahzadəni görür və onunla dost olmaq qərarına gəlir. Sözsüz ki, istəmədən tamahkar Vəzirin də alətinə çevrilir və nəhayət sehrli çırağı tapır və beləcə sonda qalib gəlir.
Bu işdə də sözsüz ki, bütün klassik nağıllara xas sehr gücü öz işini görür və əhvalatı daha da həyəcanlı və zəngin edir. Belə ki, sehrli çıraqda yaşayan cin Ələddinə onu azad etməsi müqabilində üç arzusunu yerinə yetirəcəyini vəd edir. Bundan sonra Ələddin xəyalını qurduğu sərvətə qovuşur və bütün arzularını həyata keçirir.
Ülviyyə GÜLBABAQIZI