Mirzoyan Beynəlxalq Cinayət Məhkəməsində Azərbaycan əleyhinə qapalı müzakirələr apardı...
Samir Hümbətov: “Ermənistan tərəfi bu məsələni qaldırsa, ortaya iddia atsa, o zaman Azərbaycanın da nələrisə iddia etməyə kifayət qədər əsası var”
Bugünlərdə Haaqada Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Beynəlxalq Cinayət Məhkəməsinin sədri Piotr Hofmanski ilə görüşüb.
Sədr Hofmanski Ermənistanı Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olması münasibətilə təbrik edib, həmsöhbətlər Məhkəmənin təsis sənədi olan Roma Statutunun icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Nazir Mirzoyan qeyd edib ki, Ermənistan artıq bu istiqamətdə lazımi addımlar atıb.
Ararat Mirzoyan vurğulayıb ki, regionda cəzasızlığın ağır nəticələri ilə üzləşən Ermənistan ona qarşı mübarizə aparmaq və bəşəriyyətə qarşı cinayətlərin qarşısını almaq üçün qüvvələri birləşdirməyin zəruriliyini yaxşı dərk edir ki, bu da Ermənistanın Avropa İttifaqına üzv olması prosesini başa çatdırmaq üçün əsas olub.
Görüş zamanı Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələləri də müzakirə olunub.
Göründüyü kimi, Ermənistan rəsmisi Azərbaycanı işarə edərək, ölkəsinin cızasızlıqdan əziyyət çəkdiyini deyir. Bir tərəfdən sülh sazişi üzrə danışıqlar aparan bu şəxs, digır yandan Azərbaycanın beynəlxalq məhkəmədə cavabdeh kimi göstərilməsi üçün zəmin hazırlayır. Ermənistanın bu mövqeyini necə izah etmək olar?
Politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın Roma Statutunu qəbul etməsinin arxasında başqa səbəblər dayanır: “Birincisi, Azərbaycana qarşı hər hansı iddianın qaldırılmasıdır. İkincisi, beynəlxalq güclərin Rusiyanı Ermənistandan ayağının kəsilməsinə məcbur etməkdir. Mirzoyanın səsləndirdiyi fikirlərə, onun arxasında duran səbəblərə gəldikdə isə, məqsəd Azərbaycanı ittiham etməkdir. Əgər Roma Statutu qəbul olunursa, o zaman Xocalı soyqırımında iştirak edən bütün qatillər cəzalanmalı, Ermənistanın Azərbaycan torpaqlarını 92 - ci ildən etibarən işğalı, mədəni irsimizin məhv edilməsi, daha da irəli gedib, 1927 - 29, 1947 - 53, 1988 - 91 - ci illərdə Nüvədidən azərbaycanlıların çıxarılması məsələlərini qaldırıb həll etməlidirlər. İddia qaldırmaq istəyirlərsə, buyursunlar qaldırsınlar. Azərbaycanlıların doğma torpaqlarından qovulması məsələsi də məhkəmə predmeti olmalı və araşdırılmalıdır. Eyni zamanda bildirmək istəyirəm ki, bizim ərazilərdə hələ də erməni kilsələri var ki, Azərbaycan qoruyur, saxlayır. Çünki Azərbaycanın hər hansı bir xalqla, onun mədəni irsi ilə heç bir problemi yoxdur. Bizim məqsədimiz öz suveren ərazilərimizi qoruyub saxlamaqdır. Belə olan halda Ermənistanın bu cür absurd iddia səsləndirməsi həyata keçirmək istədiyi siyasətin öz başında çatlamısına gətirib çıxaracaq. Mən hesab edirəm ki, Ermənistan tərəfi bu məsələni qaldırsa, ortaya iddia atsa, o zaman Azərbaycanın da nələrisə iddia etməyə kifayət qədər əsası var. Bu gün azərbaycanlılar əsrlər boyu yaşadıqları doğma yurdlarına qayıtmaq istəyirlər. Onların iddialarına cavab olaraq biz də bu məsələni qaldıraraq, həm özümüzə dəyən maddi-mədəni ziyana görə təzminat alacağıq, həm də vətəndaşlarımızın ora qayıtmağını təmin edəcəyik”.
Məhəmmədəli QƏRİBLİ