Zelenski Zalujnını istefaya göndərdi, yerinə isə Rusiyada doğulub boya-başa çatmış Sırskini gətirdi...
Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad edib. Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin edilib.
"General Valeri Zalujnı ilə görüşdüm. İki il Ukraynanı müdafiə etdiyinə görə ona təşəkkür etdim. Biz Ukrayna Silahlı Qüvvələrinin hansı yeniliyə ehtiyacı olduğunu müzakirə etdik. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş rəhbərliyində kimlərin ola biləcəyini müzakirə etdik. Belə bir yeniləmənin vaxtı indidir. Mən Valeri Fedoroviçə (Zalujnınıya) daha sonra komandada olmağı təklif etdim”, - deyə Ukrayna prezidenti Zelenski öz Telegram kanalında yazıb.
Prezident həmçinin Ukrayna Silahlı Qüvvələrinə rəhbərliyinin yeni heyətə keçdiyini və general-polkovnik Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin etdiyini bildirib.
Zalujnı da öz növbəsində qeyd edib ki, Ukrayna prezidenti ilə “ciddi və vacib söhbət” olub.
Rusiyada doğulub, boya-başa çatan Aleksandr Sırski 1980-ci ildən Ukraynada yaşayır. İlk hərbi təhsilini Moskva Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbində alıb. Sonra Ukrayna Silahlı Qüvvələri Akademiyasını və Ukrayna Milli Müdafiə Akademiyasını bitirib. 2019-cu ildən Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına komandanlıq edib. 2022-ci ilin fevralında Sırsky Kyivin müdafiəsinə rəhbərlik etdi və bunun üçün sonradan Ukrayna Qəhrəmanı adına layiq görüldü.