Azərbaycanlı yazıçı Türkiyədə 6 fevral fəlakətinə dair povest yazdı...
6 fevral 2023-cü ildə qardaş Türkiyədə baş vermiş güclü zəlzələ bütün dost-qardaş xalqları təəssüfləndirdi, kədərləndirdi, ağlatdı. Azərbaycan xalqı acı xəbəri ürək ağrısı ilə qarşıladı. Xalq bu acını öz acısı kimi qəbul edib, hərə əlindən gələni bir cür təqdim etdi. Kimisi dərhal Türkiyədə - hadisə yerində oldu, kimisi maddi köməklik göstərdi, kimisi mənəvi... Bir kasıb kimisi köhnə, sınıq maşınının üstündə yorğan-döşək daşıdı... Kimisi isə sadəcə göz yaşı axıtmaqla...
Qələm sahibləri zəlzələdə həlak olanların xatirəsinə hörmət olaraq faciədən yazdılar. Yazdılar ki, faciənin dəhşətləri tarixdə qalsın, həlak olan insanlar unudulmasın. Yazıldı ki, minlərlə insan həyatını son edən bu faciə neçə yüz illərdən sonra da xatırlansın, yad edilsin. Bu gün - fevralın 6-sı 2024-cü ildə həmin faciənin bir illiyidir. Bu günə çox əsərlər yazıldı, yaradıldı. Həm böyüklər üçün, həm kiçiklər üçün.
Hamımıza məlumdur ki, böyüklər üçün yazanlar çoxdur, amma yeniyetmələr və kiçik yaşlı uşaqlar üçün yazılan əsərlər həmişəki kimi yenə azdır. Halbuki, uşaqların kiçik yaşdan mütaliəsi daha vacibdir.
Bu baxımdan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Gülzar İbrahimova Türk qardaşlarımızın başına gələn 6 fevral zəlzələ faciəsindən təsirlənərək, təsirli bir povest ərsəyə gətirmişdir. Povestin adı belədir: "Mən böyüdüm, sən də böyü". Bu əsərin ilk oxucusu Hacetepe Universitetinin Akademiki (Uşaq Ədəbiyatı araşdırmaçısı) Yaşar Sözən olmuş və o, əsərə böyük dəyər verərək, povest haqqında müsbət fikir bildirmişdir. O deyib: ""Mən böyüdüm, sən də böyü" povestini çox həyəcanla oxudum. Əsər düşündürür, öyrədir, tərbiyə edir. Povestdə təsvir o qədər güclüdür ki, bütün bunları oxucu sanki faciənin içərisində yaşayır. Yazıçı bildirsə də, povest yeniyetmələrə aiddir, mən onu bir araşdırmaçı kimi 7-70 yaş qrupuna aid edərdim".
Yaşar Sözen povestdəki Türkiyə-Azərbaycan dostluğunu xüsusi vurğulayaraq, onun sosial mediyada yayımlanmasından əlavə, həm Türkiyədə, həm Azərbaycanda kitab şəklində çap edilib, yayılmasını təklif etmişdir.
"Mən böyüdüm, sən də böyü" povesti həmçinin dostluq öyrədir, insaniyyət təbliğ edir. Dara düşəndə təmkinli olmağı, böyüyə hörmət etməyi, nəsihətə qulaq asmağı, kiçiyə kömək etməyi öyrədir.
Əsərin müəllifi Gülzar İbrahimova 11 yaşlı Saleh obrazı yaradaraq onun timsalında gələcəyin alicənab, xeyirxah, zəhmətkeş, özündən kiçiyə çətin anda arxa durmağı bacarmış, dosta sədaqətli, əsl türk oğluna xas olan, müsbət xarakterli obraz yaratmışdır.
Salehin atası Hasan ustanın timsalında isə zəlzələ baş verən zaman tikdiyi binaların biri də uçmamış tikinti rəhbərinin zəhməti dəyərləndirilmişdir. Yazıçı əsərdə onun simasında böyük qəlbli, zəhmətkeş, minlərlə insanın xilaskarı olan bir insan obrazı yaradaraq, ucaltmış, onu oxucuya sevdirmişdir.
Povestdə hadisələr əsasən Türkiyədə - Kahramanmaraşda, uçqunlar altında cərəyan edir. Yeniyetmə türk oğlan uçqunlar altında balaca qızla rastlaşır. Onlar bir məhəllə uşaqlarıdır. Həyətdə həmişə onunla rastlaşanda üzünü nifrətlə yana çevirən bu ərköyün, kobud qızı, Saleh ölümdən xilas edir. Yeniyetmə oğlan özü də başa düşür ki, o öz həyatını riskə atmaqla bunu edir. Bunu anlasa da o, balaca, köməksiz qızdan köməyini əsurgəmir. Saleh insani yanaşması ilə bu kobud qızın xasiyyətini tamamilə dəyişdirir. Əlbəttə, Ayşən uşaq olsa da Salehin yaxşılığını dərk edir, Salehin qızdırması qalxanda o da uşaq düşüncəsi ilə əlindən gələni edir ki, oğlan sağalsın.
Yazıçı Gülzar İbrahimova əsərdə cərəyan edən hadisələri xırda detalları ilə elə təsvir edib ki, sanki, faciəni özü yaşayıb. Belə bir əsər onda yaranar ki, faciəni öz faciən hesab edə biləsən. O acını öz acın, öz dərdin kimi yaşamağı bacarasan. Povest elə təsir gücünə malikdir ki, düşündürür, gözü yaşardır, ağladır. Biz də bu gün - fevral zəlzələsində aşağıdakı ssilkadan "Mən böyüdüm, sən də böyü" povestini oxuyaq, dünyası dağılmış minlərlə insanı bir damla göz yaşımızla yad edək...
Biz belə gözəl, təsirli əsərə görə gözəl yazıçımıza minnətdarıq. İnanırıq ki, Gülzar İbrahimovanın "Mən böyüdüm, sən də böyü" povesti həm Azərbaycanda, həm də qardaş Türkiyədə məmnuniyyətlə oxunacaq və ədəbiyyat tarixində öz yerini alacaq...
Mətləb