Qazaxıstan hakimiyyəti Nazarbayevi mühafizədən də məhrum edir...
Qazaxıstan hakimiyyəti Milli Təhlükəsizlik Komitəsi (MTK) haqqında əsasnamədən respublikanın birinci prezidenti Nursultan Nazarbayevin müdafiəsi ilə bağlı ayrıca bəndi çıxarmağı planlaşdırır. Bu barədə Qazaxıstan prezidentinin müvafiq fərman layihəsi “Açıq normativ hüquqi aktlar” portalında dərc olunub.
İctimai müzakirəsi noyabrın 24-dək davam edəcək sənədə əsasən, Milli Təhlükəsizlik Komitəsi haqqında qüvvədə olan əsasnaməyə dəyişiklik və əlavələr nəzərdə tutulur. Xüsusən, dəyişiklik nəzərdə tutulan müddəa “Qazaxıstan Respublikası Prezidentinin təhlükəsizliyinin təmin edilməsində iştirak etmək” öhdəliyi ilə bağlıdır.
Bu bəndin əvvəlki redaksiyasında deyilir ki, Milli Təhlükəsizlik Komitəsi Qazaxıstan Respublikasının Prezidentinin və Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbaşının təhlükəsizliyinin təmin edilməsində iştirak etməlidir.
Yayda Qazaxıstanın Dövlət Təhlükəsizlik Xidməti haqqında əsasnamədən birinci dövlət başçısının müdafiəsi ilə bağlı ayrıca bənd də çıxarılıb. Sonra Qazaxıstan parlamentinin aşağı palatasının deputatı Marat Başimov qeyd edib ki, bu halda söhbət bütün hüquqi aktların yenilənmiş konstitusiyaya uyğunlaşdırılmasından gedir. Eyni zamanda, o, eks-prezident Nursultan Nazarbayevə keçmiş dövlət başçısı kimi Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanunla nəzərdə tutulmuş təhlükəsizlik və digər imtiyazların veriləcəyini qeyd edib.