Rusiya ilə İsrail arasında gərginlik artır – səfir XİN-ə çağırıldı, Moskva Təl-Əvivə nota verdi
İsrailin Moskvadakı səfiri Simona Halperin Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya mediası yazır ki, səfiri Simona Halperin Rusiyada bir qəzetə müsahibəsində Beynəlxalq Holokostu Anma Gününün Rusiyada rəsmi olaraq elan edilmədiyini bildirdikdən sonra XİN-ə çağırılıb. Təxminən saat yarım nazirlik binasında qalan Halperin heç bir izahat vermədən nazirliyi tərk edib.
Bundan əvvəl açıqlama yayaraq Rusiya Xarici İşlər Nazirliyi İsrail səfirini Rusiyaya qarşı qəbuledilməz və təxribat xarakterli açıqlamalar verməkdə ittiham edib: “Əvvəla, xatırladaq ki, 27 yanvar - Beynəlxalq Holokost qurbanlarını anma günü Rusiyanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən elan edilib. Bu tarix təsadüfən seçilməyib. 1945-ci ilin elə həmin gün Qırmızı Ordu Polşadakı Auşvits-Birkenau konsentrasiya düşərgəsini nasistlərdən azad edib. Bu məlumat səfirin açıqlamalarının absurd olduğunu göstərir”.
Martın 15-də Rusiyada keçirilməsi planlaşdırılan prezident seçkiləri ilə əlaqədar Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkili də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova, səfirliklərdə qurulacaq seçki qutuları ilə bağlı müvəqqəti işlər vəkillərinin nazirliyə çağırıldığını bildirib: “Fevralın 6-da Latviya, Litva və Estoniya hakimiyyət orqanları tərəfindən mart ayında keçiriləcək prezident seçkiləri zamanı Rusiyanın Vilnüs, Riqa və Tallinndəki səfirliklərində seçkilərin təhlükəsizliyini təmin etmək üçün lazımi cavab verilmədiyi üçün Baltikyanı ölkələrin Moskvadakı müvəqqəti işlər vəkilləri nazirliyə çağırılıb".
Zaxarova aidiyyəti ölkələrdən seçkilər zamanı təhlükəsizliyi təmin etmələrini tələb etdiklərini bildirib.
TAHİR