ABŞ Ukraynanın arxasından çəkilir? - Borrelldən Avroittifaq ölkələrinə "hazır olun" çağırışı...
Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell deyir ki, ABŞ-ın Ukraynaya yardımı güman ki, azalacaq, ona görə də Avropa İttifaqı ölkələri Ukraynanı dəstəkləməyə davam etməyə siyasi cəhətdən hazır olmalıdırlar.
Borrell bu barədə Avropa Sosialistlər Partiyasının Malaqada keçirilən Konqresində onlayn çıxışı zamanı bildirib.
“Biz bir çox problemlərlə üzləşmişik. Avropa İttifaqı sınaq qarşısındadır. Bu, ilk növbədə, Rusiya üzərində qələbə perspektivinin yaxın olmadığı Ukraynaya aiddir və bunun üçün lazımi vəsaiti olan avropalılar ABŞ-ın dəstəyinin azalma ehtimalını nəzərə alaraq, Ukraynaya yardımı davam etdirməyə siyasi cəhətdən hazır olmalıdırlar”, – Borrell deyib.
Bu arada, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin ABŞ hakimiyyətini Ukraynaya maliyyə yardımını dayandırmağa çağırıb.
X sosial şəbəkəsindəki hesabında federal hökumətin maliyyələşdirilməsinin davam etdirilməsi ilə bağlı rədd edilmiş qanun layihəsini şərh edən Qrin yazıb ki, Ukrayna üçün pul yoxdur.
Konqresmen həmçinin ABŞ-ın hazırkı prezidenti Co Baydenin impiçmentinə də çağırıb.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin köməkçisi Erin MakKi isə bildirib ki, ABŞ-ın Kiyevə birbaşa büdcə dəstəyi göstərmək üçün artıq vəsaiti yoxdur və bu, Ukraynaya gələcək yardımı və onun iqtisadi sabitliyini təhlükə altına qoya bilər. MakKinin sözlərinə görə, Kiyevə son tranş 2023-cü ilin sentyabr ayının sonunda həyata keçirilib.
ABŞ prezidenti Baydenin administrasiyası avqustun 10-da Konqresdən Kiyevə təcili hərbi yardım üçün sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ilində federal büdcədən 13 milyard dollar əlavə vəsait tələb edib. Bundan əlavə, Ukrayna və bir sıra digər ölkələrə iqtisadi və təhlükəsizlik yardımı göstərmək üçün 8,5 milyard dollar tələb edilib.
Ancaq hazırda müxalifətdə olan Respublikaçılar Partiyasından olan bir neçə amerikalı qanunverici Kiyevə davamlı olaraq böyük maliyyə yardımının göstərilməsini nəzərdə tutan hər hansı yeni təşəbbüsləri dəstəkləməkdən açıq şəkildə imtina edir. Həmçinin, Yaxın Şərq münaqişə zonasında vəziyyətin kəskin pisləşməsi fonunda respublikaçılar hərbi yardımın istiqamətini Ukraynadan İsrailə dəyişdirməyin zəruriliyini qeyd edirlər.
TAHİR