Qərb təşkilatları ilə Qarabağ əhalisinin ilk birgə işi - tarix belə dəyişərmiş…
Elşən Həsənov: “Bu müşahidəçilik bütün o iddialara veriləcək dolğun cavab olacaq, eyni zamanda, seçki ilə bağlı yetkin təsəvvür yaradacaq”
Seçkiləri müşahidə edəcək “Oracle Advisory Group” təşkilatının nümayəndəsi Vlada Qalan Şuşada keçirilən mətbuat konfransında deyib ki, ilk dəfə olaraq Qərbdən gələn təşkilat Qarabağda seçkiləri müşahidə edəcək.
Onun sözlərinə görə, “Oracle Advisory Group” təşkilatı artıq beşinci dəfədir ki, Azərbaycanda seçkiləri müşahidə edəcək: “Bizim artıq Azərbaycanda 5 nəfər təcrübəli işçimiz var. Onlar Azərbaycanda digər komandaları təlimatlandıracaq. Bu seçkilərdə olduqca fəal müşahidələr aparacağıq”.
Qərb təşkilatlarının işğaldan azad ərazilərdə ilk dəfə seçki müşahidəçiliyi strateji olaraq hansı anlama gəlməyə əsas verir?
Müstəqil siyasətçi Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, işğaldan azad edilən ərazilərimizdə seçkinin keçirilməsi normal haldır: “Çünki həmin ərazilərdə artıq yaşayanlar var. Tam məskunlaşma olmasa da, çoxlu sayda adam həmin ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olur. Onların haradasa səs verməsi təşkil olunmalıdır. Bu şəraitin yaradıldığı bildirilir. Seçki varsa, müşahidə də olmalıdır. Sözügedən beynəlxalq təşkilatın belə qərar verməsi normal və qanunauyğun prosesdir. İşğaldan azad edilən ərazidə ilk müşahidəçiliyin təşkili təqdirəlayiqdir. Özü də bunun bir Qərb təşkilatının etməsi daha yaxşıdır. Çünki bəzi Qərb təsisatları məhz seçkilərlə bağlı qərəzli münasibət sərgiləyir. Bu müşahidəçilik bütün o iddialara veriləcək dolğun cavab olacaq, eyni zamanda, seçki ilə bağlı yetkin təsəvvür yaradacaq. Bununla biz həm də dünyaya Azərbaycanın suverenliyini tam təmin etməsinə dair mesaj vermiş olacağıq”.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib ki, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin hamısı yüksək şəraitlə təmin edilib: "Oradakı məntəqələr Azərbaycanın digər bölgələrindəki məntəqələrdən daha abad və gözəldir. Çünki azad olunmuş ərazilərdə aparılan tikinti-yenidənqurma işləri digər ərazilərdəki tikinti standartlarından da yüksəkdir".
Bu qənaətə gəlirik ki, 7 fevral seçkiləri suveren və bütöv Azərbaycanın ilk seçkiləridir. Çünki ilk dəfə azad olunmuş ərazilərdə seçki keçiriləcək.
Məhəmmədəli QƏRİBLİ