Korsikanın müstəqilliyi uğrunda yeni hərəkata fransız polisi qan uddurur
Korsikanın yeni müstəqillik hərəkatı "Nazione"nin yüzə yaxın üzvü və tərəfdarı yanvarın 30-da Korsikanın Bastia kommunasında polis idarəsi qarşısında etiraz aksiyası keçirərək, onun iki fəalının polis tərəfindən həbs edilməsinə qarşı çıxıb. Bu barədə "Corse Matin" nəşri yazıb. Etirazlara Bastia bələdiyyəsinin üzvləri, o cümlədən bələdiyyə sədri Pyer Savelli, onun müavini Pol Tyeri və gender bərabərliyinə cavabdeh olan bələdiyyə müşaviri Lauda Guidiçelli də qatılıb.
Bundan əvvəl yanvarın 28-də yaradılan "Nazione" hərəkatı "Corse Matin"ə göndərdiyi press-relizdə həbs edilmiş iki üzvünə dəstək verdiyini açıqlayıb və Bastia polis idarəsi qarşısında aksiyaya çağırıb. “Biz liderlərimizin həbs edilməsini ən sərt şəkildə qınayırıq: qapılar sındırılıb, evlər dağıdılıb, atalar uşaqlarının gözü qarşısında yerə yıxaraq saxlanılıblar”, - press-relizdə deyiir.
"Patriotti"nin Facebook səhifəsində polisin fəallardan birinin evinə vəhşicəsinə daxil olaraq qapıları sındırdığını nümayiş etdirən fotolar yerləşdirilib. "Bu səhər "Naziona" hərəkatımızın Baş Assambleyasının təsis edilməsinə Fransa dövləti təxribatla cavab verdi. Bu həbslər Fransanın öz xalqı uğrunda mübarizə aparan korsikalılara qarşı 254 illik repressiyasının bir hissəsidir. “Nazione” təxribatlara cavab verəcək!", – nəşr yazır.
Qeyd edək ki, Bastia kommunasındakı etiraz aksiyası zamanı nümayişçilər yeni hərəkata qarşı aqressiv həbs və repressiya üsullarını pisləyiblər. Aksiyada iştirak edən “Nazione” hərəkatının ərazi şurasının üzvü Jozefa Cakometti Piredda fəalların həbsini qınayıb. “Təhdid və təxribatlar qəbuledilməzdir. Lakin onlar öz məqsədlərinə nail ola bilmədilər. Biz sakit və qərarlıyıq”, - Piredda bildirib.
Öz növbəsində Korsika İşçiləri İttifaqı (Sindicatu di i Travagliadori Corsi - STC) də "Nazione" hərəkatını dəstəklədiyini bəyan edib: “Paris repressiyaların səviyyəsini artırmaqla Korsikadakı ab-havanı zəiflətmək istəyir. Ölkəmizdə davamlı sülhün bərqərar olması üçün bu çirkin manipulyasiyalara dərhal son qoyulmalıdır”.
Mətləb salahov