Moskvada cinayətkarı zərərləşdirən həmvətənimizə mənzil verildi
Moskva vilayətinin Lyubertsi şəhərində cinayət törədən şəxsin saxlanmasına kömək etmiş həmvətənimiz Müqabil Babayevə mənzil verilib.
Lyubertsi şəhərinin başçısı Vladimir Volkov Müqabil Babayevə mənzilin orderini təqdim edib. “Siz əsl kişi kimi hərəkət etmisiniz. Bilirəm ki, mənzil növbəsinə yazılmısınız. Sizə Zenino mikrorayonunda mənzilin orderini təqdim edirəm. Siz çoxları üçün nümunəsiniz”, - deyə V.Volkov bildirib.
Xatırladaq ki, noyabrın 8-də Lyubertsidə Roman Kontselidze adlı şəxs küçədə bir qadını, uşağı, daha sonra 14 yaşlı yeniyetməni bıçaqla yaralayıb. Hadisənin şahidi olan soydaşımız Müqabil Babayev şəxsi avtomobili ilə küçədə qeyri-adekvat vəziyyətdə olan R.Kontselidzeni bilərəkdən vuraraq zərərsizləşdirməyə kömək edib. Bundan sonra hüquq-mühafizə orqanlarının nümayəndələri R.Kontselidzeni saxlaya biliblər. R.Kontselidzenin ruhi xəstə olduğu müəyyənləşib.