İran Qarabağın bərpası barədə sensasiyalı bəyanat verdi...
Tural İsmayılov: “İran Qarabağın əzəldən Azərbaycan torpağı olduğunu sözdə deyil, əməldə də təsdiq etməlidir”
“Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi”. Bunu İran Prezidenti Seyid İbrahim Rəisi Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.
O Qarabağın yenidən qurulacağına və bərpa ediləcəyinə ümidvar olduğunu deyib: “Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır”.
“İran Azərbaycanın ərazi bütövlüyünü sözdə hər zaman dəstəkləyib, sadəcə….”
İran prezidentinin məlum fikri ilə bağlı şərh verən siyasi şərhçi Tural İsmayılov baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, İran Azərbaycanın ərazi bütövlüyünü sözdə hər zaman dəstəkləyib: “Ancaq 30 il ərzində İran işğalın sona çatması ilə bağlı Ermənistana heç bir təzyiq etməyib. Ermənistanın diplomatik formada cəzalandırılması üçün lazımi addımları atmayıb. Danılmaz faktdır ki, Azərbaycanın Qarabağ səfərindən sonra İran durduq yerə ölk’mizlə münasibətləri korlamaq üçün əlindən gələn bütün imkanlardan istifadə edib. Bu istiqamətdə İranın gördüyü, etdiyi əməllər hər kəsə bəllidir. Günü bu gündə İran ərazisində Azərbaycan əleyhinə təxribat xarekterli məlumatlar yayılır. Bu münasibətlərin yaxşılaşması üçün İran hökuməti müəyyən işlər görməlidir. Təbii ki, ilk görəcəyi işdə Qarabağın əzəldən Azərbaycan torpağı olduğunu etiraf etməsidir. Bunu sözdə deyil, əməldə təsdiq etməlidir”.
Günel CƏLİLOVA