Slovakiyada 20 Yanvar faciəsi anılıb
Azərbaycanın Slovakiyadakı səfirliyi tərəfindən Bratislava şəhərində bu ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir iştirakçıları Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən səfir Vüsal Abdullayev 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında hüzn və kədər, eyni zamanda, qürur və qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu bildirib. Səfir 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin beynəlxalq hüquq normalarına zidd olan əmri ilə sovet qoşunlarının Bakıda və digər şəhərlərdə dinc əhaliyə qarşı qətliam törətdiyini, lakin bu faciənin xalqımızın iradəsini və mübarizə əzmini məhv edə bilmədiyini, həmin gecə Vətən övladlarının fədakarlığının Azərbaycanın dövlət müstəqilliyinin bərpası istiqamətində mübarizədə dönüş nöqtəsi olduğunu vurğulayıb.
Bu xüsusda Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı zamanı ifadə etdiyi qətiyyətli mövqenin ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında, bu qanlı hadisələrə siyasi-hüquqi qiymətin verilməsində mühüm rol oynadığı vurğulanıb.
Diplomat 2020-ci ildə rəşadətli Ordumuzun 30 illik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə bütün şəhidlərimizin ruhlarını şad etdiyini xüsusi vurğulayıb. Sonda 20 Yanvar faciəsinə həsr olunmuş “Silahdaşlar” sənədli filmi nümayiş etdirilib.
Mətləb