Bakının harasında "5+" tikintilər qadağan ediləcək?..
Ramil Osmanlı: “Tarixi mədəniyyət abidələrinin sıx olduğu yerlərdə mərtəbə sayına diqqət ediləcək”
“1000 hektardan çox ərazi var ki, xüsusi mühafizə olunan zona təyin olunub. Burada tarixi abidələrin sıxlığı nəzərə alınıb ki, orada tikinti məsələlərinə məhdudiyyət qoyulub”. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.
O bildirib ki, bu ərazidə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək. Xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq.
Maraqlıdır, bu qadağa Bakının hansı əraziləri üçün nəzərdə tutulub?
“İçərişəhər, şəhər mərkəzi, tarixi mədəniyyət abidələri olan yerlərdə hündürmərtəbəli binaların tikintisinə qadağa məsələsi gündəmdədir”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Bakı şəhərinin Baş Planında bu məsələ nəzərdə tutulub. Xüsusilə İçərişəhər, şəhər mərkəzi, tarixi mədəniyyət abidələri olan yerlərdə hündürmərtəbəli binaların tikintisinə qadağa məsələsi gündəmdədir: “İçərişəhər və bura yaxın olan ərazilər nəzərdə tutulur. Ancaq yaxın gələcəkdə radiusun təqribən 5 mərtəbə deyilən əraziyə qədər uzanacağı nəzərdə tutulur. Sovetski, Kubinka, Təzə Bazarın arxa hissəsində ərazilərin köçürülməsi investisiya proqramı əsasında həyata keçirilməlidir. Hansısa özəl tikinti şirkəti, MTK-lar bu işə cəlb olunmalıdır. O şirkətlər ərazidə köçürməni həyata keçirir. Beləliklə, həmin ərazidə çoxmənzilli binalar inşa olunur. Təsəvvür edin, indi həmin tikinti şirkətlərinə deyilsə ki, bu ərazilərdə 5 mərtəbədən artıq bina tikilməsinə icazə verilmir. O zaman həmin tikinti şirkətləri bu prosesə qoşulmaqdan imtina edərlər. Çünki mənfəət yox səviyyəsinə düşəcək. Hesab edirəm ki, tikintidə mərtəbə sayı müəyyən istiqamətlər üzrə nəzərə alınacaq”.
Həmsöhbətimizin bildirdiyinə görə, bu məsələdə köhnə adət-ənənə də nəzərə alınmalıdır. Belə ki, 50 tikinti şirkətinə “yox” deyildiyi halda, başqasına 18-20 mərtəbəli binanın tikintisinə razılıq verilməsi kimi hallara son qoyulmalıdır”.
Günel CƏLİLOVA