Dövlət zəmanəti ilə alınmış borclar Azərbaycana problem yarada bilər...
Fuad İbrahimov: “Dövlətin xarici borcları ilə bağlı məsələ hər zaman xüsusi aktuallıq kəsb edib”
Sırf dövlət borcuna görə Azərbaycan bir çox ölkədən yaxşı vəziyyətdədir. Belə ki, dövlət borcu 17 milyard 203,3 milyon manat, yəni ümumi daxili məhsulun cəmi 14,4 faizini təşkil edir. Qarşıya qoyulan məqsəd bunu 10 faizə endirməkdir.
Ancaq problem ondadır ki, Azərbaycanda hüquqi şəxslərin, bir sıra qurumların dövlət zəmanəti ilə aldığı borcların həcmi artmaqdadır. Dövlət zəmanəti ilə alınmış borcların həcmi 21 milyard 309,2 milyon manatdır, yəni rəsmi dövlət borcundan daha çoxdur. Bunu da dövlət borcunun üstünə gələndə 38 milyard manatdan çox edir. Burada narahatetdici məqam iri dövlət şirkətlərinin zamənətlə aldıqları borcun qaytarılması ilə bağlıdır. Hardan əmin olmaq olar ki, həmin şirkətlər borcu qaytaracaq və yük dövlətin üzərinə düşməyəcək?
“İri dövlət şirkətlərinin zamənətlə aldıqları borclara, onların qaytarılmasına nəzarət mexanizmi təkmilləşdirilməlidir”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Nəzərə almaq lazımdır ki, dövlətin xarici borcları ilə bağlı məsələ hər zaman xüsusi aktuallıq kəsb edib. Məsələ ondadır ki, xarici borclar məsələsini bilavasitə Prezident İlham Əliyev nəzarətdə saxlayır. Müxtəlif dövrlərdə bu məsələlərlə bağlı müəyyən problemlər də olmuşdu. İri şirkətlər tərəfindən dövlət zəmanəti ilə alınan kreditlərdə bəzi məsələlərdə kənarlaşmalar olmuşdu. Bununla bağlı illər əvvəl müvafiq tədbirlər görüldü, struktur dəyişiklikləri edildi. Hətta bununla bağlı ölkədə İnvestisiya Holdinqi yaradıldı. Düzdür, İnvestisiya Holdinqinin fəaliyyətinə bəzi hallarda biz tənqidi yanaşırıq. Ancaq xərclər baxımından məhz artıq dövlət şirkətləri tərəfindən götürülən vəsaitlər nəzarətə götürülüb. Yəni hər hansı bir qlobal kənarlaşma istiqamətində ola biləcək təhlükəli problemlər yoxdur. Bu gün Azərbaycanın dövlət şirkətləri tərəfindən hər hansı zəmanət altında götürdüyü kreditlər perspektivdə ölkəmizin enerji təhlükəsizliyi nöqteyi-nəzərindən digər ölkələrdə ixrac potensialını artırmaq baxımından müəyyən əhəmiyyətə malikdir. Bu qəbildən olan strateji əhəmiyyətli digər layihələr də var. Hələ ki, borcların ümumi həcmi ÜDM ilə müqaisədə risqli deyil. Getdikcə xarici borcumuz azalır. Azərbaycan həm maliyyə dayanıqlığı nöqteyi-nəzərindən, həm də xarici borcların idarə olunması baxımından çox optimal siyasət yeridir. Perspektivdə qoyulan sərmayələr gəlir mənbəyinə çevriləcək. Ancaq bütün bunlara rəğmən arxayınlaşmaq olmaz. İri dövlət şirkətlərinin zamənətlə aldıqları borclara, onların qaytarılmasına nəzarət mexanizmi təkmilləşdirilməlidir”.
Vidadi ORDAHALLI