Məhkum edilmiş generalların rütbəsi niyə geri alınmır, general da həbsdə yatar?..
Şəmsəddin Əliyev: “Sosial ədalətin baş verməsi üçün rütbələr geri alınmalıdır”
Məlum olduğu kimi, “Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə prosesi başa çatıb.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.
Maraqlıdır, belə adamlar həbs olunursa, onlara verilən general rütbələri niyə geri alınmır?
“Hüquqi məntiq məhkumluq həyatı yaşayan vəzifəli şəxslərin yüksək rütbədən məhrum olunmasını diqtə edir”
Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hüquqi məntiq məhkumluq həyatı yaşayan vəzifəli şəxslərin yüksək rütbədən məhrum olunmasını diqtə edir: “Bu insanlar onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə istifadə ediblər. Nəzərə almaq lazımdır ki, bu cür ali rütbələr Prezident İlham Əliyevin sərəncamı ilə verilir. Təəssüf ki, bu şəxslər də Prezidentin sərəncamına, etimadına hörmətsizlik edib. Bu səbəbdən də hüquqi məntiqə əsasən ali rütbələr o şəxslərdən geri alınmalıdır. Belə bir təcrübə olarsa, bu hal qanunsuzluq etmək istəyən digərlərinə də dərs olar. Sosial ədalətin baş verməsi üçün rütbələr geri alınmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, məhkəmə zamanı generalın rütbəsinin geri alınması vəsatəti qaldırıla bilər. Hakim generalın rütbəsini ləğv edə də bilər, saxlaya da.
Günel CƏLİLOVA