Bakıdan qovulmuş fransız diplomatlar casusluq ediblər - Fransanın qeyri-ciddi reaksiyası...
Elşən Həsənov: “Fransanın məhz indiki məqamda belə bir addım atması cılız və çarəsiz reaksiyadır”
Fransa Xarici İşlər Nazirliyi dekabrın 27-də Azərbaycanın iki diplomatının ölkədən çıxarıldığını elan edib:
“Paris nəzərə alır ki, Azərbaycan Fransa səfirliyinin diplomatik heyətinin iki əməkdaşının “persona non-grata” elan edilməsi ilə bağlı qərar qəbul edib. Fransa öz diplomatlarına qarşı Bakı tərəfindən irəli sürülən ittihamları qəti şəkildə rədd edir. Fransa cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona non-grata” elan edib. Azərbaycanın Fransadakı səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb və ona bu bildirilib”.
Xatırladaq ki, rəsmi Bakı dekabrın 26-da Fransa səfirliyinin iki əməkdaşını “persona non-grata” elan edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
Fransa səfirliyinin əməkdaşlarının “persona non-grata elan edilməsi mediada Fransanın Azərbaycandakı casus şəbəkəsinin ifşasını iddia edən məqalələr dərc edildikdən sonraya təsadüf etdi.
Fransa diplomatları casus şəbəkəsi ilə bağlı olduqları üçün ölkədən çıxarılıblarsa, onda niyə Fransa bizim casusluq etməyən diplomatlarımızı ölkəsindən çıxarır? Bu reaksiyanı nə dərəcədə ciddi saymaq olar?
Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, mətbuatdan tanış olduğumuz rəsmi xəbərlərə görə, ölkəmizin ərazisində Fransa kəşfiyyatı ilə əlaqədə olan və yaxud əməkdaşlıq etməkdə şübhəli bilinən bir neçə Azərbaycan vətəndaşı saxlanılıb: “Hazırda istintaq və təhqiqat prosesləri davam etməkdədir. Məsələ ilə əlaqədar Fransa səfirlinin iki əməkdaşının da diplomatik fəaliyyətlə bir araya sığmayan əməlləri səbəbindən arzuolunmaz şəxs qismində ölkədən qovulması barədə rəsmi məlumat ictimaiyyətin diqqətinə çatdırılıb.
Əminliklə demək olar ki, həbs edilən və yaxud saxlanılan şəxslər, diplomatik immunitetə malik olan və Fransa səfirliyində çalışan şəxslər vasitəsilə kəşfiyyat xarakterli məlumat mübadiləsi aparıb və yaxud digər qeyri – qanuni əməllərlə məşğul olublar.
Nəzərinizə bir məsələni də çatdırmaq istərdim ki, bu tip və yaxud bu həcmli işlərin aparılmasından ötrü əlimizdə tutarlı, təkzibolunmaz faktlar olmalıdır. Belə faktların olması şübhəsizdir və yəqin ki, artıq qarşı tərəfə təqdim edilib.
Ümumiyyətlə götürdükdə isə, dünyanın hər hansı bir ölkəsinin xarici ölkələrdə fəaliyyət göstərən diplomatik missiyasının bəzi əməkdaşları, həm də təmsil olunduqları ölkələrin təhlükəsizlik qurumları ilə birbaşa bağlılığı olan kadrlardır ki, onlar da “çətir altında”, leqal fəaliyyət göstərərək öz ölkələrinin maraqlarına xidmət edirlər. Burada isə söhbət pozuculuq fəaliyyətindən gedir.
Qəribə olan odur ki, vətəndaşı olduğun ölkənin maraqlarını yad bir ölkənin maraqlarına necə satmaq olar?
O ki qaldı sualın ikinci hissəsinə, sadəcə onu deyə bilərəm ki, mən bizim Fransa Respublikası ərazisində fəaliyyət göstərən diplomatik korpusumuzun fəaliyyətinə kölgə salmaq istəməzdim. Fransanın məhz indiki məqamda belə bir addım atması cılız və çarəsiz reaksiyadır. Bu addımı ilə həmin ölkə Azərbaycanın əldə etdiyi məlumatların doğruluğunu təsdiqləmiş oldu”.
Məhəmmədəli QƏRİBLİ