Rəsmi İrəvan Azərbaycandan növbəti təkliflər paketi aldığını təsdiqlədi
İrəvan Azərbaycandan sülh müqaviləsinin layihəsi ilə bağlı sonuncu təkliflərinə cavab alıb. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
“Biz sülh müqaviləsi ilə bağlı sonuncu dəfə təqdim etdiyimiz təkliflərə cavab almışıq", - deyə o bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasına müsahibəsində Ermənistana təkliflər paketinin göndərildiyini bildirib.
Nazir, həmçinin, son zamanlarda Ermənistan tərəfindən müəyyən pozitiv mesajların müşahidə olunduğunu qeyd edib.
"Son zamanlar, xüsusilə Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etməsindən sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilən mesajları təbii ki, diqqətlə izləyirik. Burada biz müəyyən pozitiv mesajları eşidirik. Ancaq pozitiv mesajların və sözlərin verilməsi nə qədər önəmli olsa da, onların real işlərə transformasiya edilməsi ən önəmli məqamdır. Biz noyabrın sonunda Ermənistan tərəfindən sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini almışdıq, 1 ay ərzində bizim tərəfimizdən qarşı tərəfə işlənilmiş təkliflər paketi qaytarıldı. Bu proses gedir”, - deyə nazir bildirib.
TAHİR