"Saytlar tərəfindən məqalələrin özününküləşdirilməsi yolverilməzdir" - Məhərrəm Zülfüqarlı
Salyanının tarixi ilə bağlı yeni araşdırmalar apararkən əvvələ yazdığım məqalələrin müxtəlif saytlar tərəfindən özününküləşdiyinin şahidi oldum.
Salyan tarxinə aid “ Salyan hakimi Qəbuli xanım” ( “525 – ci qəzet” 14 noyabr 2007 – ci il) və “Şərqin unudulmaz savaşı - Salyan döyüşü” ( “525 – ci qəzet” 18-iyun 2008) iki məqaləm nəşr olunduqdan sonra Salyanın rayon qəzetində təkrar çap olunmuş və oxucuların marağına səbəb olmuşdur. Sonradan, konkret desək 8,11 və 13 il sonra bir sıra saytlarda bu məqalələri təkrar öz səhifələrində verməsinə və hətta video çarxlar hazırlamaları təqdirəlayiq hal hesab etmək olar. Lakin Oxu.az saytında “Salyanda “Şərqin unudulmaz döyüşü” - Əmir Yaqub bəyin qəhrəmanlığı” (4 avqust 2019 ) başlıqlı yazıda, aznews.az saytında “Çar Rusiyasına qarşı Salyanda necə döyüşüblər? – Təfərrüat (VİDEO” (5 noyabr 2014-cü il ), baku.tv saytında “Şərqin unudulmaz "Salyan döyüşü"” adlı videoda (14 yanvar 2021-ci il) “Şərqin unudulmaz savaşı - Salyan döyüşü” ( “525 - ci qəzet” 18-iyun 2008) adlı məqalədəki fikirlər özününküləşdirilərək, müəllifə istinad edilməməsi və hətta müsahibə verənlərin də tapılması tarix elminə hörmətsizlikdən başqa bir şey deyil. Maraqlı burasındadır ki, məqalədə kitabxanamda olan, çox az tirajla nəşr olunmuş fransız tarixçisi Yan Yuniorun “Unudulmuş qəhrəmanlar” kitabına istinad etdərək yazdığım fikirləri saytın nümayəndələri guya özlərinin bu kitabla tanış olaraq, kitaba istinadları kimi təqdim etməsi acı gülüş doğurur. Başqasının elmi işini, məqaləsini, tərcüməsini, şerini öz adına çıxmaq hallarının günü-gündən artması cəmiyyətdə mənəviyyatın aşmasından xəbər verir.
Bu saytlar içərisində yeganə www.GunAz.Tv saytının 20 oktyabr 2021-ci saytındakı səhifəsində “Şərqin unudulmaz savaşı - Salyan döyüşü” məqaləsini təkrar mənbəyə istinadən vermişdir ki, buna görə saytın əməkdaşlarına təşəkkür düşür.
Başqasının əməyini mənimsəmək kimi xoşagəlməz halları elmdə anti-plagiant proqramları üzə çıxara bildiyi kimi, fikrimizcə KİV və sosial şəbəkələrdə bunun qarşısını almaq üçün buna oxşar proqramların tətbiqinə ehtiyac var. Mətbuat Şurası bu cür hallara qarşı fəaliyyətini daha da gücləndirməsi işin xeyrinə olar
Məhərrəm ZÜLFÜQARLI
Azərbaycan Turizm ve Menecment Universiteti,
“İctimai fənlər” kafedrası, t.ü.e.d, professor
[email protected]