Borrell 2024-də Avroparlamentə seçkilərdə ifrat sağçıların qalib gələcəyindən qorxur...
Cozef Borrell 2024-cü ildə Avropa Parlamentinə keçiriləcək seçkilərdə ifrat sağçıların qalib gələcəyindən qorxur. Bu barədə Avropa İttifaqının Xarici Siyasət Departamentinin rəhbəri Britaniyanın “Guardian” nəşrinə müsahibəsində bildirib.
Borrellin fikrincə, 2024-cü ildə Avropa Parlamentinə seçkilər ABŞ-dakı prezident seçkiləri qədər ölümcül ola bilər.
Avropalı diplomat Avropanın müxtəlif ölkələrində sağçı partiyaların əldə etdiyi uğurlara diqqət çəkib, onun sözlərinə görə, bu, miqrasiya və həyat keyfiyyətinin pisləşməsi ilə əlaqəli narahatlıqlarla bağlıdır.
“Avropa Avropada yaşamaq istəyən yüz minlərlə insan üçün maqnitdir. Həyat keyfiyyətini müqayisə etsək, bunu başa düşmək asan olar. Biz bəşəriyyətin yaratdığı siyasi azadlığın, iqtisadi rifahın və sosial birliyin ən yaxşı birləşməsiyik. Mən qorxuram. Mən avropalıların seçimindən qorxuram, çünki onlar qorxurlar. Elmi cəhətdən sübut edilmişdir ki, naməlumluq və qeyri-müəyyənlik qorxusu reaksiyaya səbəb olan bir hormon istehsal edir. Bu faktdır. Biz hər gün müharibənin pis cinayətləri haqqında eşidirik və bu, qorxuya yönəlmiş hormonal fəaliyyətə səbəb olur. Bu qorxunu istifadə edə bilən və yaxşı suallara pis cavablar verə bilən partiyalar avropalı seçicilərin dəstəyini qazana bilər”, – Borrell bildirib.
Avropa Parlamentinə seçkilər gələn il iyunun 6-9-da keçiriləcək.
ZÜMRÜD