Paşinyanın mifik “sülh qovşağı” layihəsi Dubaya da aparıldı...
Fuad İbrahimov: “Məqsəd odur ki, Ermənistanı iqtisadi, logistik baxımdan cəlbedici ölkə kimi dünyaya təqdim etsinlər”
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Əbu-Dabidə ənənəvi olaraq Fransa Beynəlxalq Münasibətlər İnstitutunun təşkil etdiyi Dünya Siyasəti Konfransında iştirak edib.
Avrasiya regionuna həsr olunmuş panel müzakirəsi zamanı Kostanyan Ermənistanın xarici siyasətinin prioritetlərini və Ermənistan hökumətinin qonşuları ilə münasibətlərin tənzimlənməsinə yönəlmiş səylərini təqdim edib. Eyni zamanda o, Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində əsas istiqamət kimi Qranadada qəbul edilmiş dördtərəfli bəyanatın müddəalarını qeyd edib. Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması perspektivlərinə də toxunulub.
Xarici işlər nazirinin müavini tədbir iştirakçılarına Ermənistan tərəfinin “Dünyanın kəsişməsi” layihəsini və onun həm regional əməkdaşlıq, həm də beynəlxalq nəqliyyat kontekstində əhəmiyyətini təqdim edib.
Maraqlıdır, erməni rəsmiləri bu günlərdə Paşinyanın Tbilisidə elan etdiyi “Dünyanın kəsişməsi” layihəsi ilə bağlı dünyanın müxtəlif ölkələrində təqdimat keçirməkdə nə məqsəd güdürlər? Yəqin ki, bunun təqdimatını Avropa ölkələrində və digər yerlərdə də keçirəcəklər. Bununla onlar nəyə nail olmaq istəyirlər? Dünya Ermənistanın bu layihəsinə hər hansı maraq göstərə bilərmi?
“Azərbaycan və Türkiyəsiz “Dünyanın kəsişməsi” layihəsinin hansısa iqtisadi gələcəyi yoxdu”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, ermənilərin bunda məqsədi odur ki, Ermənistanı iqtisadi, logistik baxımdan cəlbedici ölkə kimi dünyaya təqdim etsinlər: “Ancaq problem ondadır ki, çox vaxt erməni təbliğatı reallığa söykənmir. Ermənistan bu layihə ilə Marsla ticarət etməyəcək axı. Bununla bağlı Ermənistanın bütün ölkələrə çıxışı olmalıdır. Ən azından ona görə ki, Ermənistanın açıq dənizə çıxışı yoxdur. Əsasən də Zəngəzur dəhlizi olmadan, Azərbaycan və Türkiyəsiz bu mümkün deyil. Ermənistan çox vaxt İrana ümid bəsləyir. Ancaq məsələ ondadır ki, İranın Avropa İttifaqı və ABŞ-la problemi var. Söhbət İrana qarşı tətbiq olunan sanksiyalardan gedir. Tərəflər arasında əlaqələr, necə deyərlər, iqtisadi yorğunluq rejimindədir. Ermənistan Gürcüstan vasitəsiilə dünyaya çıxsa da yenə də yolu Türkiyədən keçir. Ya yenidən Türkiyəyə daxil olmalıdır, ya da Qara dəniz vasitəsilə Şərqi Avropa ölkələrinə çıxmalıdır. Deməyim odur ki, Azərbaycan və Türkiyəsiz Ermənistanın “Dünyanın kəsişməsi” layihəsinin hansısa iqtisadi gələcəyi yoxdu. Yəni rəqabət qabiliyyətli deyil. Tutaq ki, Gürcüstan vasitəsilə Qara dənizə çıxdı. Yaxşı, Ermənistan nəyi çıxaracaq? Gərək Ermənistana tranzit yüklər gəlsin ki, o da bunu dünya bazarına çıxarsın. Bu gün Çin kimi qüdrətli ölkə Azərbaycanla tranzit əlaqələrini genişləndirir. Orta Asiya ölkələri Çinlə işləyir. Çinlə Avropa İttifaqı arasında 2019-cu ildə 500 milyard dollar ticarət dövriyyəsi olub. Türkiyə ilə Çin arasında 20 milyarddan çox ticarət dövriyyəsi olub. Bütün bunlar onu göstərir ki, iqtisadi-ticarət oyununda Ermənistan yoxdur. Ermənistan o zaman tranzit-logistik ölkə ola bilər ki, Zəngəzur dəhlizinə razılıq versin. Azərbaycansız Ermənistanın bu layihəsi cəlbedici olmayacaq. Region ölkələri ilə razılaşdırılmadan belə layihələrin perspektivi yoxdur. Məsələn, Rusiya Varnaya Qara dəniz üzərindən qaz kəməri çəkirdi. Layihəyə 5 milyard dollar vəsait qoyuldu və sonra bu dayandırıldı. Sonradan layihənin istiqamətini “Türk axını”na yönəltməklə ziyanı qismən kompensasiya etdilər. Ona görə də Ermənistanın ambisiyalı layihələrini iqtisadiyyat qəbul etməyəcək. Heç bir dünya maliyyə mərkəzi, investor risqli layihələrə vasait qoymaz”.
Vidadi ORDAHALLI