Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prosesini izləyib
Beynəlxalq səyyahlar Cəbrayıldan sonra Füzuli rayonuna səfər ediblər. Trend xəbər verir ki, səyyahlar Horadiz kəndində ANAMA-nın minatəmizləmə əməliyyatları ilə tanış olublar. Onlara məlumat verilib ki, 30 ilə yaxın işğal dövründə ermənilər bu əraziləri minalarla çirkləndirib.
Beynəlxalq səyyahlar Füzulinin Horadiz kəndində minalarla çirkləndirilmiş ərazilərdən tapılan minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
Qeyd edək ki, heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) 50 nəfərə yaxın tanınmış səyyah yer alır.Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis şəxsən başçılıq edir.
Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən 2 ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir.
Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 4-ü isə 2023-cü ildə reallaşıb.
Dünyanın səyyah elitasının Qarabağ və Şərqi Zəngəzura bu ardıcıl səfərləri, hər dəfə heyətin daha da genişlənməsi onu göstərir ki, bölgədə qısa müddətdə Azərbaycan dövlətinin apardığı nəhəng və genişmiqyaslı quruculuq işləri dünyada heyrətlə qarşılanır.
Bu səfərlər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi
üçün də müstəsna əhəmiyyət daşıyır.