Nazir orta məktəb müəllimlərini ixtisar etmək fikrindədir?..
Sona Məmmədova: “Son dövrlər ibtidai sinif müəllimlərinin sayı kifayət qədər artıb”
“Məktəblərdə müəllimlərin sayı çoxdur”. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, təhsil sistemində müəllimlərin sayı lazım olandan çoxdur: “Elə orta məktəblər var ki, orada 4 ibtidai sinifdə 28-30 müəllim işləyir”.
Maraqlıdır, müəllimlərin sayının çox olması gələcəkdə onların ixtisar olmasına səbəb ola biləcəkmi?
“Universitetlər də baxır ki, hansı ixtisasa maraq daha çoxdur, həmin sahəyə daha çox tələbə qəbul edir, bunun da nəticəsində bir fənn üzrə böyük müəllim ordusu yaranır, başqa bir fənn üzrə isə müəllim qıtlığı yaşayırıq”
Təhsil eksperti Sona Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son dövrlər ibtidai sinif müəllimlərinin sayı kifayət qədər artıb: “1990-cı illərdən sonra müxtəlif fənn müəllimləri arasında ixtisas dəyişməyə, ibtidai sinif müəllimliyinə maraq çoxaldı. Həmin dövrdə başqa fənn müəllimləri ixtisaslarını dəyişərək ibtidai siniflərdə dərs deməyə başladılar. Digər bir səbəb isə planlaşdırmada olan qüsurlardan irəli gəlir. Yəni düzgün şəkildə planlaşdırma aparmaq lazımdır. Biz bilməliyik ki, növbəti 5 ildə hansı fəndən müəllimlərə daha çox ehtiyac olacaq. Bu ehtiyacı müəyyən etdikdən sonra universitetlərə sosial sifariş verilməlidir. Həmin sifariş siyahısında növbəti mərhələdə nə qədər ibtidai sinif, fizika, kimya, coğrafiya müəlliminə yer ayrılmalı olduğu qeyd edilməlidir. Amma təəssüf ki, bizdə bu sistem yoxdur. Bura həm dövlət, həm də özəl universitetlər daxildir. Universitetlər də baxır ki, hansı ixtisasa maraq daha çoxdur, həmin sahəyə daha çox tələbə qəbul edir. Bunun da nəticəsində bir fənn üzrə böyük müəllim ordusu yaranır, başqa bir fənn üzrə isə müəllim qıtlığı yaşayırıq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qadın müəllimlərin sayı artıb, kişi pedaqoqların sayı isə azalır: “Qadın müəllimlərin çox olması oğlan şagirdlərin davranışına da mənfi təsir göstərir. İbtidai siniflərdə bu çox özünü büruzə etməsə də, sonrakı illərdə bu birbaşa uşağın psixikasına təsir edir. Qadın müəllimələr arasında böyüyən uşaqda müxtəlif qadınsı davranışlar özünü göstərə bilir. Qadın cəmiyyətində böyüyən oğlan uşaqlarında kişi xarakteri gec formalaşır və ya formalaşmır. Gələcək həyatlarında isə bu öz mənfi təsirini göstərir. Bu səbəbdən kişi müəllimlərin də təhsilə cəlb edilməsi vacib məsələdir. Bunun üçün isə müəllimlərin əmək haqqı bir daha gözdən keçirilməli və müəllimlik peşəsi bir qədər yüksəldilməlidir”.
Günel CƏLİLOVA