63 yaşlı Tərtər sakini minaya düşdü - YENİLƏNDİ
Noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayonun Seyidimli kənd sakini 1965-ci il təvəllüdlü Hüseynov Asif Novruz oğlu partlayış nəticəsində ayağından xəsarət alıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
“Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq”, - deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən bildirilib, mina hadisəsi Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə baş verib.
Qeyd olunub ki, piyada əleyhinə mina partlayışı nəticəsində Tərtər rayon Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu xəsarət alıb.
Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.
“ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!”
Tərtər rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ZÜMRÜD