Lənkəranda narkotik istifadəçisi olan sürücü həbs edilib
Dövlət nömrə nişanlarına müdaxilə olunmuş avtomobildə çoxavazlı səs siqnalından istifadə edən Lənkəran sakini saxlanılıb. Narkotik vasitədən istifadə etdiyi müəyyən edilən həmin sürücü inzibati qaydada həbs olunub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən dövlət nömrə nişanları üzərində olmayan "Xəzər" markalı avtomobilin çoxavazlı səs siqnalından istifadə etdiyi müəyyən edilib. Həmin nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini Fərid Salayevə qanunvericiliyin tələbləri izah edildiyi zaman o, polisin qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozan hərəkətlərə yol verib. Bununla yanaşı, sürücünün narkotik vasitədən istifadə etməsinə şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin olunub. Müayinənin nəticəsində F.Salayevin narkotik vasitədən istifadə etdiyi müəyyən edilib.
Həmçinin, həmin sürücünün məsuliyyətdən yayınmaq üçün nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarına qanunsuz olaraq müdaxilələr etdiyi də məlum olub. Aşkarlanan hallarla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Salayev inzibati qaydada həbs edilib.
Mətləb