Zəlimxan Yaqubun 75 illik yubileyi qeyd olundu

Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi münasibəti ilə Mərdəkandakı Süleyman Rüstəm adına Xarixci Dillər təmayüllü Gimnaziyada tədbir keçirilib. Məktəblillər və pedaqoji kollektivlə yanaşı, valideynlərdən bir qrupunun da qatıldığı tədbiri giriş sözü ilə Gimnaziyanın direktoru Tural Mirzəliyev açaraq Z.Yaqubun həyat və yaradıcılığı haqqında məlumat verib, qonaqları salamlayıb. Sonra söz məktəblilərə verilib. Onların hazırladıqları kompozisiyalar, şairin yaradıcılığından söylədikləri nümunələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin qonaqları - professor Vidadi Orucov Zəlimxan Yaqub yaradıcılığının özünəməxsusluğu barədə danışıb, ustad aşıqlardan Cahangir Quliyev və Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı isə müxtəlif aşıq havaları üstündə bu böyük söz ustadının şeirlərini ifa ediblər.
Zəlimxan Yaqub ədəbi irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu öz çıxışında Zəlimxan Yaqubun bir böyük söz adamı və şəxsiyyət kimi təkcə Azərbaycanda deyil, böyük Türk dünyasının hər yerində sevildiyini, əsərlərinin dillər əzbərində olduğunu vurğulayıb. Belə tədbirlərin keçirilməsinin şairin ruhuna ehtiram olmaqla yanaşı, həm də şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malik olduğunu bildirib, tədbirin yüksək səviyyədə təşkilinə görə gimnaziyanın direktoru Tural Mirzəliyevə, ədəbiyyat müəllim Xəzangül Mustafayevaya və Qədim Mustafayevə, eləcə də, pedaqoji kollektivə və şagirdlərə təşəkkürünü bildirib.
Ülviyyə GÜLBABAQIZI