Paşinyan Davosda etiraf etdi - Azərbaycan regional gücdür...

Afsəddin Nəbiyev: “Bu, Azərbaycanın sahib olduğu gücün etirafıdır”
Ermənistan baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Avropanın təsirini necə yaymalı” adlı panel müzakirəsində diqqət çəkən fikirlər səsləndirib.
Deyib ki, xarici siyasət qərarlarını qonşularına və tərəfdaşlarına mümkün qədər şəffaf şəkildə çatdırmağa çalışır. Onun sözlərinə görə, Ermənistan Avropa İttifaqı, Rusiya və regional güclər - İran, Türkiyə, Azərbaycan ilə münasibətlər arasında balans yaratmağa çalışır: “Bu, asan məsələ deyil. Lakin bunu qeyri-mümkün məsələ də adlandırmaq olmaz. Mənim fikrim qəribə görünə bilər, amma biz çox şəffafıq. Mən deyərdim ki, "şübhəli şəkildə şəffafıq"... Biz tərəfdaşlarımıza digər tərəfdaşlarla nə etdiyimizi deyirik”.
Paşinyan onu da qeyd edib ki, Azərbaycanla sülh bağlanmasa, “Sülh kəsişməsi” layihəsi həyata keçməyəcək: “Bu layihələrin həyata keçirilməsi Ermənistan ərazisindən yeni ticarət yollarının açılmasına gətirib çıxaracaq. Bu da Avropa İttifaqının xeyrinə olacaq. Ancaq Azərbaycanla davamlı sülh bərqərar olmayınca bu layihə həyata keçə bilməz”.
Burda diqqət çəkən iki məqam var.1. Paşinyan ilk dəfə Azərbaycanı regional güc adlandırıb və bunu etiraf edib. 2.Sülh sazişi olmadan “Sülh kəsişməsi”nin mümkün olmayacağını etiraf edib.
“Sülh kəsişməsi” layihəsi erməni cəmiyyəti üçün cəlbedici görsənsə belə, çeynənmiş bir mövzudur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Paşinyan bu reallıqla hesablaşmağa məhkumdur: “Paşinyanın regional güclər arasındakı balansı qorumağa çalışması ilə bağlı açıqlaması əslində Ermənistanın real vəziyyətini əks etdirir. Bu, Azərbaycanın sahib olduğu gücün etirafıdır. Bununla yanaşı, Ermənistan rəhbərinin Avropa dövlətlərinin yanında Ermənistanı "sülh göyərçini" cildində təqdim etməsi ayrıca ciddi mövzulardan biridir. Əslində Paşinyan çox yaxşı başa düşür ki, Ermənistanın regional güclər arasında siyasi proseslərə heç bir ciddi təsiri mümkün deyil. Çünki uzun illərdir Ermənistan bir çox dövlətlərin əlində ancaq siyasi alət kimi istifadə olunur. Bu məsələ indiki yeni dünya düzəninin formalaşması dövründə heç kimə sirr deyil. Şəffaflıq məsələsində də Ermənistan rəhbərliyi həqiqətə uyğun olmayan fikirlər səsləndirib. İllərdir Paşinyan günün birinci yarısında verdiyi açıqlamanı axşam saatlarında təkzib edir. Paşinyanın şəffaf addımı ondan ibarət olar ki, cəmiyyətə açıq mesajlar verərək, başqa dövlətlərin ərazisinə iddia edən mənfur konstitusiyalarında dəyişiklik etsinlər. Fikrimcə, Ermənistan üçün ən şəffaf hərəkət elə bu addım ola bilər. Hazırda Ermənistan tərəfindən heç bir şəffaflığın şahidi olmamışıq. “Sülh kəsişməsi” layihəsi erməni cəmiyyəti üçün cəlbedici görsənsə belə, bu mövzu çeynənilmiş bir mövzudur. Çünki zamanında Ermənistan dövləti bütün bu təşəbbüslərin üzərindən xətt çəkib. Sülhün kəsişməsi prosesini Azərbaycan dövləti Cənubi Qafqazın regional gücü olaraq qonşu dövlətlərlə Gürcüstan və Türkiyə vasitəsilə illər öncə müvəffəqiyyətlə həyata keçirib. Erməni tərəfi çox yaxşı dərk edir ki, Ermənistan rəhbərliyi Azərbaycanın sülh şərtlərini yerinə yetirməyincə hər hansı sülh kəsişməsindən söhbət gedə bilməz”.
Vidadi ORDAHALLI