Prezident narkotiklərlə mübarizə normalarını dəyişdirdi…
Hüseyn Axundov: “Narkomaniyaya qarşı mütləq ümummilli mübarizə aparılmalıdır”
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna dəyişikliyi təsdiq edib.
Qanuna əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdiriləcək. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunacaq. Narkotik vasitələrin, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır.
Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna görə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna edilən dəyişiklik nə kimi effekt verəcək?
“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik maddələr miqdar ilə müvafiq qanunlarla müəyyən olunacaq”
Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da bu problem var. Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar bu problemin yayılmasının qarşısı almaq üçün yorulmaz və əhəmiyyətli tədbirlər keçirir. Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi addımlar atılır.
Məlumdur ki, Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna dəyişikliyi təsdiq edib. Qanuna əsasən, miqdardan asılı şəxs məsuliyyətə cəlb olunacaq. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik maddələr miqdar ilə müvafiq qanunlarla müəyyən olunacaq. Tərkibində narkotik maddələr olan bitkilərin və ya psixotrop maddələrin ölçüsü qanunla müəyyən edilmiş miqdardan aşağı olarsa şəxs inzibati məsuliyyətə cəlb ediləcək. Satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma halları xüsusilə külli miqdarda törədildikdə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına görə inzibati məsuliyyət müəyyənləşib”.
Həmsöhbətimiz bildirdi ki, narkomaniyaya qarşı mütləq ümummilli mübarizə aparılmalıdır. Bu mübarizə həyatımızı, gələcəyimizi, sərvətimizi, sağlamlığımızı, dövlətçiliyimizi qorumağa xidmət edir. Vətəndaşımızın sağlamlığının təminatı daim dövlətimizin diqqətində olan prioritet məsələlərdəndir.
Günel CƏLİLOVA