Tramp Ukraynanın Rusiyanı ABŞ raketləri ilə vurmasına qarşı çıxdı - qəti əleyhinəyəm...
Yanvarın 20-də ABŞ prezidenti kimi vəzifəsinin icrasına hazırlaşan Donald Tramp ABŞ-ın Ukraynaya uzaqmənzilli silahlarla Rusiyaya hücum icazə verməsini “gərginliyi artıran addım” kimi qiymətləndirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı ATACMS və “Storm Shadow” raketlərindən istifadə edib, Moskva isə ən yeni ballistik raketi “Oreshnik”lə hücuma cavab verib.
“Time” jurnalı yazır ki, Trampın Ukraynanın Amerika raketləri ilə Rusiyanın daxili bölgələrinə “yüzlərlə mil” dərinlikdə hücumlar təşkil etməsini “qəbuledilməz” adlandırıb.
“Rusiya ərazisinə yüzlərlə mil dərinliyə raket göndərilməsinin qəti əleyhinəyəm. Niyə bunu edirik? Bununla yalnız müharibəni alovlandırırıq və vəziyyəti daha da pisləşdiririk" – deyə jurnal Trampın sözlərindən sitat gətirib.
“Ukraynaya dəstəyi dayandırıb-dayandırmayacağı” sualını cavablandıran Tramp, bu dəstəkdən Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə edəcəyini bildirib.
"Mən razılığa gəlmək istəyirəm və razılaşmanın yeganə yolu təslim olmamaqdır" – deyə o bildirib.
Qeyd edək ki, “Time” jurnalı Trampı “İlin adamı” seçib.
TAHİR