Gürcüstan DTX ölkədə baş verə biləcək təxribatlarla bağlı xəbərdarlıq etdi - vəziyyəti daha da gərginləşdirəcəklər...
“Dağıdıcı və kriminal fəaliyyətin təşkilatçıları 2024-cü il dekabrın 14-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin qarşısını almağı planlaşdırırlar. Bu məqsədlə cinayət təşkilatçıları vəziyyəti mümkün qədər gərginləşdirməyi düşünürlər. Onlar bu çirkin niyyətləri nəticəsində aksiya zamanı 2-3 qurban verməyi belə planlaşdırırlar”.
Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, cinayətin təşkilatçıları tərəfindən xüsusilə cari həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri, eləcə də qismən cümə günü vəziyyətin mümkün qədər gərginləşdirilməsi nəzərdən keçirilir ki, bu da 2-3 qurbanla nəticələnməlidir.
"Sözügedən tələfatla (qurban verilməsi ilə) etiraz ruhunu artırmağa, radikal münasibətləri təşviq etməyə çalışacaqlar, bu da onların niyətinə görə idarə olunmaz proseslərə çevrilməlidir və maskalanmış şəkildə hakimiyyətin boynuna atılmalıdır” – deyə DTX-nın bəyanatda bildirilir.
Qurum əhalini cinayət planının iştirakçısı və ya qurbanına çevrilməmək üçün maksimum diqqətli olmağa, əllərində olan müxtəlif texniki vasitələrlə hər hansı şübhəli vəziyyəti və ya təxribat cəhdini qeydə almağa və dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır.
“Hazırda faktla bağlı Xüsusi İstintaq Xidməti tərəfindən araşdırma aparılır. İş üzrə obyektiv həqiqəti ən qısa müddətdə müəyyən etmək üçün sözügedən xidmətlə fəal əməkdaşlığa hazır olduğumuzu bildiririk”, – deyə məlumatda vurğulanır.
TAHİR