Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır
Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Hazırda ictimai həyatın, eləcə də iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, rabitə xidmətləri və ən müasir informasiya texnologiyaları olmadan fəaliyyət göstərsin. Müasir dünyada insanların həyatını telefon və poçt rabitəsi, radio, televiziya, rəqəmsal texnologiyalar, internetsiz təsəvvür etmək mümkünsüzdür. Bu xidmətlərin hər biri bizim gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi 18 ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq təsis edilib.
Azərbaycan rabitəsi qədim və zəngin tarixə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirib. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulub. 1881-ci il dekabrın 6-da isə “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib. 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olub. Beləliklə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.
Mətləb