"Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi davamlı sülh üçün zəruridir" - Əhliman Əmiraslanov
Gün ərzində biz Ermənistandan azərbaycanlıların zorla çıxarılmasının tarixi, qayıdışın hüquqi əsasları və humanitar məsələləri geniş şəkildə müzakirə etdik. Dünyanın müxtəlif yerlərindən gəlmiş hörmətli parlamentarilərin, ictimai-siyasi xadimlərin və mütəxəssislərin təqdimatları və analitik çıxışları bizi bu mürəkkəb məsələni daha dərindən anlamağa imkan yaratdı. Müzakirələr bir daha göstərdi ki, Qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına qayıdış hüququnun təmin edilməsi davamlı sülhün və ədalətin bərqərar olması üçün zəruridir.
Bu sözləri Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov dekabrın 5-də Bakıda keçirilən “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransın yekununda çıxışı zamanı səsləndirib.
O bildirib ki, bu tədbir mövzu ilə bağlı məlumat mübadiləsi üçün bir platforma olmaqla yanaşı, qayıdış hüququ istiqamətində birgə fəaliyyətimizin əsasını daha da möhkəmləndirdi.
Ə.Əmiraslanov Ermənistan tərəfindən etnik təmizləmə nəticəsində öz dədə-baba yurdlarından qovulmuş azərbaycanlıların haqq işinin beynəlxalq səviyyədə tanınması istiqamətində bu konfransın mühüm nəticələrinin olacağına əminliyini ifadə edib.
“Qərbi Azərbaycan İcması olaraq, bu platformanı hər il davam etdirmək, bu mövzu ətrafında daha geniş elmi, hüquqi və ictimai müzakirələri təşviq etmək niyyətindəyik.
Konfrans materiallarını nəşr etməklə, bu məlumatların daha geniş auditoriyaya çatdırılmasını təmin etməyi planlaşdırırıq. Bu işdə hər birinizin biliyi, təcrübəsi və dəstəyi bizim üçün çox qiymətlidir.
Prezident İlham Əliyevə haqq işimizə verdiyi dəyərli dəstəyə və bu mühüm konfransın həyata keçirilməsinə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımızı ifadə edirik. Prezident İlham Əliyevin beynəlxalq hüququ həmişə uca tutması bizim haqq işimizlə yanaşı, ümumiyyətlə, beynəlxalq münasibətlərin ədalət prinsipləri əsasında təşəkkül tapmasına böyük töhfə verir”, - deyə Ə.Əmiraslanov vurğulayıb.
ZÜMRÜD