Bankçılıqdan "açıq bankçılığa" keçid vətəndaşlara nə verəcək...
Əkrəm Həsənov: “Müştərilər əldə etmək istədikləri xidmətlərlə bağlı daha çox fürsətlərlə tanış ola biləcəklər”
“Azərbaycanda bir neçə bank "açıq bankçılığ"a çıxmağa hazırdır, digər banklar da yaxın vaxtlarda buna nail olacaq”. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.
ABB rəsmisi deyib ki, "açıq bankçılıq" və "açıq maliyyə təşəbbüsü" inklüziv, şəffaf və effektiv maliyyə eksisteminin yaradılmasını hədəfləyir. Bu yanaşma banklar, fintexlər və istehlakçılar üçün yeni imkanlar yaradır: “Banklar üçün ilk növbədə yeni gəlir mənbələri, optimallaşdırılmış xidmətlər və təkmilləşdirilmiş müştəri təcrübəsi, fintexlər üçün banklarla əməkdaşlıq, qabaqcıl maliyyə həllərinə giriş imkanı, istehlakçılar üçün isə daha çox seçim, şəffaflıq və təhlükəsiz maliyyə həllərinə çıxış imkanı yaranır”.
Maraqlıdır, "açıq bankçılıq” sistemi bank sektoruna necə təsir edəcək?
“Açıq bankçılıq” müştəridən alınan razılıq əsasında yaradılmış xüsusi informasiya sistemində müştərinin məlumatlarını digər təşkilatlar və banklar tərəfindən rahatlıqla əldə edilə bilməsini təmin edir”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “açıq bankçılıq” müştəridən alınan razılıq əsasında yaradılmış xüsusi informasiya sistemində müştərinin məlumatlarının digər təşkilatlar və banklar tərəfindən rahatlıqla əldə edilə bilməsini təmin edir: “Bu qayda bank sektorunda şəfafflığa səbəb olacaq. Burada məqsəd odur ki, digər banklar, təşkilatlar müştərilərə rahatlıqla təkliflər verə bilsinlər. Ehtimal olunur ki, bu sistem daha çox maliyyə əməliyyatlarına gətirib çıxaracaq. Müştərilər isə əldə etmək istədikləri xidmətlərlə bağlı daha çox fürsətlərlə tanış ola biləcəklər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu sistem dünyada tam yeni sistem deyil: “Məlumat üçün bildirim ki, bu sistemdən digər dünya ölkələrində 10 ilə yaxındır istifadə olunur. Məlumdur ki, hər gün vətəndaşların bank kartlarından pulların oğurlanması ilə bağlı məlumatlar yayılır. Müştəri məlumatlarının açıq olmasını da bu baxımdan təhlükəli hesab edirəm”.
Günel CƏLİLOVA