"Azərbaycanla danışıqların pozulmasına erməni tərəfinin dövlət sirlərini sızdırması səbəb olub" – Simonyan
Ermənistan parlamentinin spikeri Alen Simonyan hakim "Mülki Müqavilə" partiyasının deputatı Ovik Aqazaryanı dövlət sirlərini sızdırmaqda ittiham edib.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, Simonyan baş nazir Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərinin məxfi detallarını partiya üzvləri ilə paylaşdığını, lakin Aqazaryanın bu məlumatları ictimaiyyətə açıqladığını bildirib.
Simonyan qeyd edib ki, bir ildən artıq müddətdə məlumat sızmalarının mənbəyini axtarıblar.
O, həmçinin, əlavə edib ki, Azərbaycanla aparılan danışıqların pozulmasında və münasibətlərin gərginləşməsində bu cür sızmaların rolu olub.
Spiker Aqazaryanın telefonunda qeyri-adi bir şey tapılmayacağını iddia edib: "Əgər Aqazaryan utanmırsa, telefonundakı məlumatları ictimaiyyətə açıqlasın. Əgər Aqazaryan Paşinyanın xahişi ilə mandatından imtina etsə belə, məsuliyyətdən qaça bilməyəcək".