İpoteka ilə mənzil almaq istəyənlərə daha bir yaxşı şans açıldı....
Elnur Fərzəliyev: “Layihənin davam etməsi evsiz insanların problemlərini aradan qaldırmış olacaq”
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələri satın alacaq. Bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.
Məlumata görə, vətəndaşların tələbatı nəzərə alınaraq, yaşayış sahələrinin satın alınması Bakı şəhəri ərazisi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 9-cu və 10-cu zonalar üzrə) həyata keçiriləcək. Dövlət Fondu yaşayış sahələri satın alınmasına 144.200.000,00 AZN (144 milyon 200 min manat) vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrini alması insanların ev almasına necə təsir edəcək?
“Vətəndaşın əmək haqqısı, ailə büdcəsi, hətta xarici ölkələrdə yaşayan ailə üzvlərindən birinin gəliri imkan verir ki, vətəndaş bu layihədən yararlana bilsin”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkədə satılan daşınmaz əmlakların 70 faizi kreditli şərtlə satılıb. Bunlar ipoteka krediti, dövlət layihələri, daxili və ya bankların satdığı kreditli mənzillərdir: “2020-ci ildən başlayaraq İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara kirayə öhdəliyi ilə mənzil satışı həyata keçirir. Bu vasitə ilə də minlərlə vətəndaş mənzil sahibi olub. Artıq fonda yeni maliyyə büdcəsinin ayrılması yeni əmlakların alınacağından xəbər verir. Məlumat üçün deyim ki, bu layihə digərlərindən tam olaraq fərqlənir. Mənzillərin kirayə mexanizmi ilə satılması zamanı vətəndaşlardan artıq sənəd toplusu tələb olunmur. Vətəndaışn əmək haqqısı, ailə büdcəsi, hətta xarici ölkələrdə yaşayan ailə üzvlərindən birinin gəliri imkan verir ki, bu layihədən yararlana bilsin. Həmçinin, bu layihənin ilkin ödənişi də az olacaq. Hesab edirəm ki, layihənin davam etməsi evsiz insanların problemlərini aradan qaldırmış olacaq. Əsas mahiyyət ondan ibarətdir ki, vətəndaşlar kirayə pullarını öz mənzillərinə ödəyəcək və sonda həmin ev vətəndaşın öz mülkünə çevriləcək. Həmin mənzillərin aylıq ödəniş qiyməti isə kirayə qiymətlərlə eyni olacaq. Yəni əraziyə görə qiymət dəyişəcək”.
Güneı CƏLİLOVA